Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Bakıda "Sıfır ayrı seçkilik" Günü qeyd edilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) 2017-ci il martın 1-də  "Sıfır ayrı seçkilik” Günü ilə əlaqədar Bakıda maarifləndirmə aksiyası keçirib.

BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-ə ( insanın immunçatışmazlığı virusu) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2014-cü ildən martın 1-i "Sıfır ayrı seçkilik” Günü elan edib.

Azərbaycan qanunvericiliyi İİV-ə yoluxmuş insanların hüquq və azadlıqlarını yüksək səviyyədə müdafiə edir. Lakin, heç bir cəmiyyət məişət səviyyəsində ayrı-ayrı diskriminasiya hallarından sığortalanmayıb. Əhali arasında İİV/QİÇS barədə dolğun və dəqiq məlumatın olmaması, bəzi hallarda İİV-ə yoluxmuş insanlara qarşı diskriminasiya hallarının baş verməsinə yol açır.

Aksiya zamanı RQMM-nin əməkdaşları İİV-lə yoluxma yolları və bu virusdan müdafiə haqqında ətraflı məlumat veriblər, əhaliyə broşur, bukletlər və qoruyucular paylanılıb. İİV-ə könüllü müayinədən keçmək istəyən insanlara pulsuz ekspress test üsulu ilə müayinə olması üçün şərait yaradılıb.