Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Azərbaycanda Avropa İİV-ə testləşmə həftəsinə start verildi


Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Avropa İİV-ə testləşmə həftəsi (European Testing Week2019) çərçivəsində aksiyalara başlayır.

Noyabrın 22-dən 29-dək davam edəcək kampaniyada İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) hər bir şəxs üçün anonim, könüllü və pulsuz ekspres-testdən keçmək imkanı yaradılacaq, İİV-in yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat veriləcək. Bunlarla yanaşı, "Avropa İİV-ə testləşmə həftəsi”  çərçivəsində aksiyalarda İİV barədə broşürlar, bukletlər, plakatlar, qoruyucular paylanacaq. Testdən keçən hər bir şəxs virusa yoluxub yoluxmaması  15 dəqiqə ərzində məlum olanacaq.  


Aksiyalar aşağıdakı müəssisələrdə saat 12-dən 15:00 qədər keçiriləcək


22-23 noyabr Bakı Beynalxalq Avtovağzalı  

25-26 noyabr 28 Mall Ticarət və əyləncə mərkəzi

27 noyabr Park Bulvar  Ticarət və əyləncə mərkəzi

28-29 noyabr Metropark Ticarət və əyləncə mərkəzi

Bu kampaniya "HIV in Europe”, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının (BMT) İİV/QİÇS İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür. Bu günlərdə ÜST-nın Avropa zonasındakı bütün ölkələrdə kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları keçirilir. ÜST-nın hesablamalarına görə, Avropa regionunda təqribən hər üç nəfərdən biri bu xəstəliyə yoluxub, yəni İİV-lə yaşayan 2,5 milyona yaxın insan bilmir ki İİV-ə yoluxub.  Aksiyanın keçirilməsində məqsəd regionda daha çox insanın İİV-infeksiyası ilə bağlı öz statuslarını öyrənməsi və bu infeksiyanın gec qoyulmuş diaqnoz problemi azaltmaqdır. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV-infeksiyası epidemiyasına son qoymaqdır.

 Testləşmə kampaniyasının keçirilməsi təşəbbüsü 2013-cü ildə yaranıb və Avropada geniş bəyənilmiş hadisəyə çevrilib. Hazırda bu kampaniyada hər il İİV-QİÇS-lə mübarizə üzrə 700-dən çox milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən İİV üzrə testləşmə kampaniyası ildə iki dəfə keçirilməyə başlayıb: may ayında - QİÇS-dən dünyasını dəyişən insanların ümumdünya xatirə günündə və noyabr ayında - QİÇS-lə Beynəlxalq Mübarizə Günündə. Azərbaycan bu təşəbbüsün elan edildiyi 2013-cü ildən panavropa kampaniyasında iştirak edir. Bu illər ərzində Bakı və reqionlarda  keçirilən tədbirlərdə yüzlərlə vətəndaşımız İİV-infeksiyasına könüllü müayinədən keçib.