Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Azərbaycanda "Avropa İİV-ə test həftəsi" davam edir

Bu günlər Bakının iri ticarət mərkəzlərində, beynəlxalq avtovağzalda və ölkənin digər bölgələrində könüllü və pulsuz İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) test müayinəsi aparılır. Müayinə və marifləndirmə yönümlü tədbirlər Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən "Avropa İİV-ə testləşmə həftəsi (European Testing Week 2019) çərçivəsində keçirilir.

Noyabrın 29-dək davam edəcək kampaniyada hər bir şəxs üçün anonim, könüllü və pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradılır, bu infeksiyaya yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat verilir. Bununla yanaşı, "Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində aksiyalarda İİV barədə broşurlar, bukletlər, plakatlar, qoruyucular paylanılır. Aksiya zamanı testdən keçən hər bir şəxs virusa yoluxub yoluxmaması 10 dəqiqə ərzində ekspres-test üsulu ilə müəyyən olunur.

Qeyd etmək lazımdır ki, müayinə tədbirləri barədə KİV-lərlə yanaşı, mobil operator "Bakcell" öz abunəçilərini SMS vasitəsi ilə də məlumatlandırmışdı. Növbəti İİV-ə test aksiyası "Park Bulvar" TM-də (27 noyabr) və "Metropark" TM-də (28-29 noyabr) saat 12-dən saat 15-ə qədər keçiriləcək. Ötən günlərdə Bakı Avtovağzalında və "28 Mall" TM-də yüzlərlə vətəndaşımız İİV-ə test müayinəsındən keçib.

Bu kampaniya "HIV in Europe”, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür. Bu günlərdə ÜST-nin Avropa zonasındakı bütün ölkələrdə kütləvi marifləndirmə və İİV-ə testləşmə aksiyaları keçirilir. ÜST-nin hesablamalarına görə, Avropa regionunda 2,5 milyona yaxın insan İİV-ə yoluxub. Aksiyanın keçirilməsində məqsəd Avropa regionunda daha çox insanın İİV-infeksiyası ilə bağlı öz statusunun öyrənməsi və bu infeksiyanın gec qoyulmuş diaqnoz problemi azaltmaqdır. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV-infeksiyası epidemiyasına son qoymaqdır.

İİV-ə test kampaniyasının keçirilmə təşəbbüs 2013-cü ildə yaranıb və Avropada geniş bəyənilmiş hadisəyə çevrilib. Hazırda bu kampaniyada hər il İİV/QİÇS-lə mübarizə üzrə 54 ölkədən 850 milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən İİV üzrə testləşmə kampaniyası ildə iki dəfə keçirilməyə başlayıb: may ayında - QİÇS-dən dünyasını dəyişən insanların ümumdünya xatirə günündə və 1 dekabr - QİÇS-lə Ümumdünya Mübarizə Günündə. Azərbaycan bu təşəbbüsün elan edildiyi 2013-cü ildən panavropa kampaniyasında iştirak edir. Bu illər ərzində Bakı və reqionlarda keçirilən tədbirlərdə on minlərlə vətəndaşımız İİV-infeksiyasına könüllü müayinədən keçib.

Xatırladaq ki, Azərbaycanda İİV-infeksiyası ilk dəfə aşkar olunandan 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər 6502 İİV-lə yaşayan şəxs QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin isə 1076 nəfər olub.