Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

ÜST və QİÇS-lə Mübarizə Mərkəzi birgə tədbir keçirib


1 dekabr  QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi birgə görüş keçiriblər. 

ÜST-nin Azərbaycandakı nümayəndəliyin rəhbəri Hande Harmancı öz çıxışında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin iyun ayında açıqlanan məlumatına əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir: "Onların yalnız 24,5 milyonu antiretrovirus (ART) müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədi ilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART müalicəyə cəlb edilib. 1997- ci ildə müqayisədə İİV-lə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır".

ÜST-nın Azərbaycan nümayəndəliyi yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib ki, bu ilin sonuna kimi ÜST İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axrına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq.

Süleymanova əlavə edib ki, Avropa regionunda olduğu kimi, Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir. Qərbdə QİÇS halları azalır, amma Şərqdə yoluxma hallarında azalma olmasa da, sabitləşmə müşahidə edilir.

Görüşdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova mərkəzin təsis olunmasından 30 il keçdiyini bildirib. O, bu illər ərzində müəssisənin genişləndiyini və xidmət səviyyəsinin yüksəldiyini qeyd edib: "Biz İİV-in üç yoluxma yolundan birini – anadan uşağa ötürülməsinin qarşısını ala bilmişik. Son 3-4 il ərzində İİV-lə yoluxmuş analardan doğulan uşaqların heç biri bu virusa yoluxmayıb. Ən əsası səylərimiz nəticəsində İİV-in yayılma göstəricisi demək olar ki, eyni səviyyədə qalıb.

RQMM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib ki, Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır.

Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır. Cənub zonasında əhalinin say az olduğuna görə orada virusa yeni yoluxma faizi də yüksəkdir: "Azərbaycanda İİV-ə yoluxanların 23,6 faizi Bakıda yaşayır. Bakıda əhalinin sayı çox olduğu üçün hər 1000 nəfərə düşən İİV-ə yoluxma halı azdır".

Zülfüqarov əlavə edib ki, İİV-ə yoluxma göstəricisi Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%-dir. İİV-ə yoluxmuş vətəndaşların 75.7 faizi regionlarda yaşayır.

Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.

Həmin şəxslərin 563 nəfəri (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir. Qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371 kişi, 192-i qadındır.

Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onların 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.