Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Avropa İİV-ə testləşmə həftəsi-2020 yeni formatda keçiriləcək

COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimini nəzərə alaraq, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, əhali və pasiyentlər üçün əlavə xidmət növlərini gündəlik fəaliyyətinə daxil etmişdir. Karantin rejiminin tətbiqindən əvvəl, hələ mart ayının ortalarından, Mərkəz, mütəxəssislərinin iştirakı ilə ölkə mənsubiyyətindən asılı olmayaraq, bütün maraqlananlar üçün azərbaycan, rus və ingilis dillərində Skype, Whatsapp və Viber vasitəsilə məlumatlandırıcı və məsləhətləşmə xidmətini yaratmışdır.

Videobağlantı formatında "Evdən çıxmadan məsləhət al” xidmətindən hər kəs istifadə edə bilir. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı, ölkə ərazisində İİV-lə yaşayan insanlar üçün dərman preparatları və digər tibb təyinatlı materiallarla təmin etmək məqsədilə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi regional laboratoriyalar və regional antiretrovirus mərkəzlərinə preparatların, reaktiv və testlərin müntəzəm

çatdırılmasını təşkil etmişdir. Ciddi və mütəşəkkil karantin tədbirlərinə baxmayaraq, ölkədə İİV-ə yoluxmuş insanların müayinə, müalicə, qulluq və dəstəklə təminatı, pandemiyadan əvvəlki səviyyədə saxlanılmaqdadır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Avropa Testləşmə Həftəliyi "European Testing Week” kampaniyasını İİV/QİÇS-lə qlobal mübarizə üçün səmərəli və faydalı hesab edərək, onun keçirilməsində iştirakını bu il də planlaşdırır.

15-23 may  Avropa testləşmə həftəsini QİÇS-lə Mübarizə Mərkəzi yeni formatda keçirəcək. Belə ki, İİV-lə yaşayan insanlar üçün COVİD-19-un profilaktikasına dair xüsusi hazırlanmış bukletlər yayılacaq. IIV/QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliğinə dair  mediaya materialları dərc olunacaq.

Eyni zamanda, xarici ekspertlərin iştirakı ilə, qeyrihökümət təşkilatları üçün,

COVİD-19 pandemiyası şəraitində əhalinin həssas qrupları ilə autric-fəaliyyət məsələlərinə dair, onlayn konfrans keçiriləcək.