1 dekabr
tarixində bütün bəşəriyyətin qeyd etdiyi Ümumdünya QİÇS-lə Mübarizə Günündə
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira
Alməmmədova müsahibə verib, ölkəmizdə bu xəstəliklə bağlı vəziyyətdən söhbət
açıb. İlk növbədə o, 2020-ci il bu günün "Beynəlxalq Həmrəylik, Ümumi Məsuliyyət"
şüarı altında və COVID-19 pandemiyasının yaratdığı olduqca çətin bir şəraitdə
qeyd olunduğunu qeyd edib. Daha sonra Esmira xanım vurğulayıb ki, Ümumdünya
QİÇS-lə Mübarizə Günü Azərbaycan ərazilərinin işğalından azad olma tarixi dövr
ilə təsadüf edir. O, COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün
bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən
görülən tədbirlərdən danışıb. Esmira xanım ölkəmizdə İİV-ə testləşmənin
aparılmasının təşviqi, müalicənin əlçatanlığı və fasiləsiz təmin olunması,
QİÇS-lə bağlı ölüm hallarının azalması və İİV-lə yaşayan insanlara qarşı damğa
və ayrıseçkilik hallarının qarşısı alınması icrası üçün hər cür şəraitin
yaradılmasını xüsusi vurğulayıb. Esmira Alməmmədovanın fikrinə görə, Azərbaycanda
səhiyyə sisteminin təkmilləşdirilməsi və QİÇS-ə qarşı tədbirlərə kifayət qədər
sərmayənin qoyulması son bir neçə onillikdə ölkəmizdə İİV infeksiyasının
yayılması ilə bağlı vəziyyətin sabitləşdirilməsi üçün imkan yaradıb, indi isə
COVID-19 virusuna qarşı mübarizə tədbirlərinə dəstəyi təmin edib.
Daha sonra
Esmira xanım dünyada və Azərbaycanda bu xəstəliklə bağlı bəzi statistik məlumatları
bölüşüb. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının HİV / QİÇS üzrə
Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan
var. Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. Artıq 25.4 milyon insan
həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ
də öz müalicə növbəsini gözləməkdədir. Təxminən 7,2 milyon insan yoluxduqlarını
bilmir. "Ölkəmizə gəldikdə, ümumilikdə, 1 dekabr 2020-ci il tarixinə İİV ilə
yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1864 nəfər
QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. 2020-ci
ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər
(98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş
316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır ” – deyə Esmira Alməmmədova
fikrini tamamlayıb.
Müsahibə zamanı qaldırılan digər bir mövzu İİV infeksiyasının yayılmasının qarşısını alma mövzusu olub. Doktor Alməmmədovanın sözlərinə görə, profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir. "Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb: bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb. 2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week). Qeyd etmək istərdim ki, "HIV in Europe” beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində AR Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir. Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV-infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb” - Esmira xanım belə deyib.
Esmira Alməmmədovanın
sözlərinə görə, Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin
effektivliyinin başqa bir real nəticəsi İİV- xəstələrinin 74,7 faizinin
dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən
lazımi müalicənin alınmasıdır. COVID-19 pandemiyası dövründə Azərbaycanın Səhiyyə
Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit
qalıb: bütün dərmanlar UNDP vasitəsi ilə alınıb və ölkəyə çatdırılıb. Esmira
xanım, həmçinin, İİV / QİÇS-lə Mübarizə üzrə Milli Proqramın prioritetlərindən
birinin İİV -lə yaşayan insanlarda opportunistik və yanaşı gedən infeksiyaların
müalicəsi olduğunu qeyd edib. AR Səhiyyə Nazirliyi ÜST tərəfindən "C"
virus hepatitinin müalicəsi üçün tövsiyə olunan müasir pangenotipik dərmanları
alıb. Bu cari ilin 11 ayı ərzində İİV-pozitivli və "C" virus hepatit
ilə birgə infeksiyalı 1034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün
imkan yaradıb.
Esmira Alməmmədova
müsahibəsi zamanı İİV/QİÇS-lə mübarizədə AR Səhiyyə Nazirliyinin qeyri-hökumət
təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyi barədə söyləyib.
"Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində
13 QİÇS-lə bağlı xidmət göstərən Qeyri Hökümət təşkilatları Səhiyyə Nazirliyi və
onun strukturu olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq
edir" – o, qeyd edib. Bundan əlavə, Qlobal Fond, UNAIDS, WHO, UNICEF, INDP
və digər beynəlxalq təşkilatlar kimi böyük tərəfdaşlarla ortaqlığın davam
etdirilməsi haqqında xəbər verilib.