Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin apardığı işlər

İİV-infeksiyasının diaqnostikası

İnsanın İİV-ə yoluxub-yoluxmamasını aşkar etmək üçün yeganə üsul – xüsusi laborator müayinədən keçməkdir. Bunun üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə (RQMM), Naxçıvan QİÇS-lə Mübarizə Mərkəzinə, regional İİV-diaqnostika laboratoriyalarına, yaxud ölkənin hər hansı dövlət tibb müəssisəsinə müraciət edib pulsuz müayinədən keçmək olar.
RQMM və onun regional diaqnostik laboratoriyaları beynəlxalq standartlara uyğun təşkil edilib və müasir avadanlıqla təchiz olunub.
İİV-infeksiyasının ilkin diaqnostikası RQMM-də və regional laboratoriyalarda həyata keçirilir. İİV-infeksiyasının təsdiqedici diaqnostikası yalnız RQMM-in referens laboratoriyasında aparılır.
İİV-ə yoluxması təsdiq olunan insanların bütün sonrakı laborator müayinələri (ikincili və yanaşı gedən xəstəliklərin diaqnostikası, immunoloji, virusoloji müayinələr və s.) RQMM-də və onun 6 regional laboratoriyasında həyata keçirilir.

İİV-infeksiyasına epidemioloji nəzarət


RQMM mövcud olan qanun, sərəncam və əmrlərə əsasən Azərbaycanda İİV-infeksiyası üzərində epidemioloji nəzarətin aparılmasını təmin edir və ölkədə İİV-ə müayinə olunmuş şəxslər haqqında məlumatın toplanılması və təhlili, İİV-ə yoluxmuş insanların aşkar olunması və qeydiyyata alınması, eləcə də İİV-infeksiyasının yayılma tendensiyalarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, İİV-infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əksepidemik tədbirlər həyata keçirir.

İİV-lə yaşayan insanlara tibbi yardım


İİV-ə yoluxmuş insanlar RQMM-in dispanser qeydiyyatına götürülür və onların müntəzəm müşahidəsi aparılır. İİV-lə yaşayan insanlara və onların ailə üzvlərinə psixoloji yardım göstərilir və infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri həyata keçirir.
İİV-infeksiyası zamanı inkişaf edən ikincili xəstəliklərin profilaktikası və müalicəsi müvafiq dərman preparatları ilə aparılır. Ehtiyac olduqda, xəstələrə xüsusi antiretrovirus (ARV) preparatları ilə müalicə aparılır. ARV-müalicəni müntəzəm qəbul edən şəxslərin həyat keyfiyyəti yüksəlir və onlar aktiv həyat və iş fəaliyyətlərini davam etdirilər.
Xəstələrin vəziyyətindən asılı olaraq, RQMM tərəfindən stasionar şöbəsində və ev şəraitində palliativ yardım göstərilir.

İİV/QİÇS-lə bağlı könüllü müayinə və məsləhət


İİV-ə müayinə olunmaq üçün müraciət edən hər bir şəxs ilə müayinədən əvvəl və sonra məsləhətləşmələr aparılır, İİV-infeksiyası və ondan qorunma haqqında məlumat verilir, informasiya materialları və qoruyucu vasitələr paylanır.
RQMM-də və regional laboratoriyalarda İİV-ə müayinə və məsləhət şəxsin istəyi ilə anonim qaydada aparıla bilər. RQMM-də bunun üçün anonim müayinə kabineti fəaliyyət göstərir.

Beynəlxalq əməkdaşlıq

RQMM İİV/QİÇS-lə mübarizə sahəsində yeni nailiyyətlərin ölkədə tətbiq olması, müasir standartlara cavab verən kadrların hazırlanması və təcrübə mübadiləsi məqsədi ilə beynəlxalq təşkilatlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq qurub.

LÜĞƏT

İİV- İnsanın İmmunçatışmazlığı Virusu

İİV-infeksiyası – İİV-lə yoluxma nəticəsində immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən xroniki infeksion xəstəlikdir

QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu – immun sisteminin ağır zədələnməsi ilə səciyyələnən İİV-in son mərhələsidir

ARV-terapiya regional mərkəzləri

ARV-regional mərkəzi

Ünvan

1

Naxçıvan MR QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzi

Naxçıvan MR, Nizami küçəsi, bina 53

2

Şirvan Mərkəzi Rayon Xəstəxanası

Şirvan rayonu, H.Əliyev prospekti, 16

3

Quba Mərkəzi Rayon Xəstəxanası

Quba rayonu, Fətəlixan küç., 12

4

Lənkəran Mərkəzi Rayon Xəstəxanası

Lənkəran rayonu, Nizami küç., 67

5

Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanası

Gəncə şəhəri, M.Xələfov küç., 8

6

Şəki Mərkəzi Rayon Xəstəxanası

Şəki rayonu, M.Rəsulzadə prospektı, 164