Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

19.04.2015 [07:11]
Bakı, 19 aprel, Əziz Məmmədov, AZƏRTAC 
Hazırda narkomaniya bəşəriyyətin ən ağrılı problemi olaraq qalır. O, cəmiyyət üçün fəlakətə, xalqların gələcəyi üçün təhlükə mənbəyinə çevrilib. Narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya yol açır, sosial-iqtisadi inkişafı ləngidir, ailələri məhv edir, sosial partlayışlar yaradır. Bundan əlavə, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) epidemiyasının elə ilk illərində narkotiklərin venaya vurulması və immun çatışmazlığı virusunun (İÇV) yayılması arasında birbaşa əlaqə aşkar edilib. Bu xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə dünyada, o cümlədən ölkəmizdə bir sıra maarifləndirmə tədbirləri görülür.

Bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib. O deyib: "Azərbaycanda narkomaniyaya qarşı mübarizə aparmaq üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Səhiyyə Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsi üzrə tədbirlər planını həyata keçirir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə birlikdə paytaxtın orta təhsil müəssisələrində narkotiklərin fəsadları haqqında təşviqat kampaniyaları aparır, sağlam həyat tərzini təbliğ edir.

T.Məhərrəmov bildirib ki, hazırda biz Xətai rayonunun orta təhsil məktəblərində informasiya-maarifləndirmə tədbirləri keçiririk. Bundan əlavə, məktəbliləri sanitariya məsələləri ilə bağlı maarifləndiririk.

http://azertag.az/xeber/847834