Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Bakı, 2 mart, AZƏRTAC

Bakının Park Bulvar ticarət mərkəzində Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) beynəlxalq "Sıfır ayrı-seçkilik” günü ilə bağlı maarifləndirmə aksiyası təşkil olunub.

Mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAIDS) və Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə martın 1-i ənənəvi olaraq İİV-lə yaşayan insanlara qarşı tolerantlıq və sıfır ayrı-seçkilik günü kimi dünya ölkələrində qeyd edilir: "Azərbaycanda insanın immunçatışmazlığı virusu barədə məlumatın təhrif edilmiş vəziyyətdə yayılması İİV-ə yoluxmuş insanlara qarşı diskriminasiya hallarının baş verməsinə səbəb olur. Qadın və qızlara qarşı damğalanma gözdənsalma münasibətlərinin tam aradan qaldırılması – UNAIDS-in 2020-ci il üçün diskriminasiya ilə beynəlxalq mübarizə gününün şüarıdır. Cəmiyyətimizin hər bir üzvünə hörmətlə yanaşma, onun ləyaqətinin alçaldılmadan, hüquqlarının pozulmadan, dünya görüşünü başqaların çərçivələrinə sığmadığına görə pislənilmədən qorunması və buna ictimaiyyətin diqqətinin cəlb olunması məqsədilə 2014-cü ildən başlayaraq hər il 1 mart tarixi – Beynəlxalq diskriminasiya ilə mübarizə kimi (Zero Discrimination Day), qeyd olunur. İlk dəfə UNAIDS-in vəkili, Nobel mükafatı laureatı Do Aun San Su Ci tərəfindən 2013-cü ilin martın 1-ni "Sıfır ayrı-seçkilik” günü kimi qeyd etməyi təklif edib və bu təklif UNAIDS tərəfindən rəsmi dəstəklənib”.

Onun sözlərinə görə, 2020-ci ilin martın 1-i gündəlik həyatımızda çoxsaylı diskriminasiyanın qadın və qızlara qarşı yönəldilməsi mübarizəyə həsr edilir: "Diskriminasiya – yəni gözdənsalma məqsədilə damğalanma, münasibətlərdə ümumi ölçülərə uyğun gəlmədiyi üçün, ayrı-seçkilik münasibətinin bəslənilməsi, cəmiyyətdən təcridolunma üçün səylərin göstərilməsi və bu münasibətə başqalarına çağırış edilməsi kimi addımlar, hər bir şəxsin şüurunun azad inkişafı, şəxsiyyət olması yolunda çətin keçilən səddə çevrilir. Azərbaycanda bu məsələlərə qanunvericiliklə münasibət olduqca loyaldır. Qəbul edilmiş dövlət normativ sənədləri qadın və qızların ictimai həyatda bərabər fəaliyyətinin müdafiəsində durur. Qadınların hüquqlarının mühafizəsi istiqamətində tibbi yardımla təminat, zorakılıqdan müdafiə, erkən yaşlarda kəbinkəsilmə, iqtisadi müstəqilliyə dəstək ölkə qanunvericiliyində möhkəm yer tutmuş və inkişaf etdirilməkdədir. Lakin, təəssüflə qeyd olunmalıdır ki, məişət səviyyəsində diskriminasiya hələ də güclüdür və ona hətta inkişaf etmiş demokratik ölkələrdə axıradək nəzarət etmək mümkün olmaz. BMT və onun İİV-lə mübarizə üzrə UNAIDS təşkilatı ictimai həyatın bütün sahələrində diskriminasiyanın təzahürləri ilə barışmaz mübarizə aparılmasına ölkələri çağırır. Diskriminasiya problemləri, o cümlədən İİV-ə yoluxmuş xəstələrə qarşı ayrı-seçkilik hallarına diqqətin cəlb olunması məqsədilə tədbirlər dünya ölkələrində keçirilir. Öz növbəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi stiqma və diskriminasiyaya qarşı ilboyu ölkənin ayrı-ayrı bölgələrində, dövlət və özəl sektor müəssisələrində maarifləndirməyönümlü tədbirlər təşkil edir. İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı RQMM jurnalistlər üçün treninqlər və seminarlar keçirib. Aparılan maarifləndirmə işləri çərçivəsində əhalinin insanın immunçatışmazlığı virusu barədə biliklərinin artırılması məqsədilə "İİV/QİÇS-lə bağlı, stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliği” adlı media müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi cəmiyyətdə İİV-lə yaşayan insanlara qarşı mövcud olan stiqmanın aradan qaldırılması, sağlam həyat tərzinin mühüm şərti olan İİV-ə test müayinəsindən keçməyin hər bir insan üçün vacib olmasını aşılamaq olub. Eyni zamanda, müsabiqə, İİV probleminin mediada işıqlandırılmasına yanaşmada dəyişikliyə nail olmaq məqsədi daşıyıb”.