Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2014-cü ilin yekunlarına görə Azərbaycanda İİV/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problem kimi qalmaqdadır. BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 2014-cü ilin1 dekabr – Beynəlxalq İİV-lə Mübarizə Günü ərəfəsində dərc etdiyi məlumatda göstərilir ki, QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, epidemiya ilə mübarizədə dönüş yaranması və 2030-cu ildə qarşısının alınması məqsədilə 2020-ci ilədək sürətləndirilmiş planlı tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər 5 il müddətində 3 əsas göstəricini hədəfləyir: - İİV-lə yaşayanların 90%-ı İİV-ə yoluxduqlarından xəbərdar olmalıdırlar; - İİV statuslarından xəbərdar olan şəxslərin 90%-ı müalicəyə cəlb edilməlidir; - Müalicə alanlardan 90%-da virus yükü endirilməlidir. 2020-ci ildə bu məqsədlərə nail olmaq, 2030-cu ildə İİV/QİÇS-in qlobal epidemiyasının ləğv edilməsinə real əsas yarada bilər. UNAİDS-in hesabatına əsasən, 2014-cü ilin II-ci rübünün sonuna xilasedici antiretrovirus-terapiya tətbiq olunan insanların sayı 13,6 milyon təşkil edib və 2012-ci ilə nisbətən 40% artıb. Həmin müalicənin nəticəsi kimi 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqaisədə 29% azalıb. Azərbaycanda da İİV-infeksiyası/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2014-cü ildə aşkar olunan İİV-ə yoluxma hallarının 30,3%-i, 1987-2014-cü illər ərzində isə aşkar olunan halların 53,8%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2014-cü ildə əvvəlki illərdə olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə mübarizə sahəsinə, ilk növbədə müayinə və onların çeşidinin genişləndirilməsinə böyük önəm verilib. Bununla əlaqədar ümümi əhali və risk qrupları arasında müayinələrin və xususilə onların eksprestestləşdirmənin tətbiqi nəticəsində müayinələrin sayı xeyli artıb və İİV-ə yoluxmuş insanların aşkarlanması yüksəlib. Alınan nəticələr 2020 və ardınca 2030-cu illər üçün hədəflərinə nail olmağa əsas verir. 2014-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 604 təşkil etmişdir. Onlardan 586-i (97,0%) Azərbaycan vətəndaşı, 18 nəfəri (3,0%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 586 Azərbaycan vətəndaşından 361-i (61,6%) kişi, 225-i (38,4%) qadındır. Onlardan 60,7 % - cinsi kontakt nəticəsində, 30,6%-i inyeksion yolla, 5,6%-ə yoluxma yolunu müəyyənləşdirmək olmamış, 3,1% isə İİV-ə şaquli yolla yoluxub. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 200 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 194 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş Azərbaycan vətəndaşlarının sayı 60 nəfər olub. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4902 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 167 nəfəri (3,4%) isə əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-i (76,0%) kişi, 1138-i (24%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olmuşdur. Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin sonunadək 4735 İİV-ə yoluxmuş insandan 1205-i (25,4%) Bakı şəhəri və Abşeron rayonunda, 3494-i (73,8%) Respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 36 nəfərin (0,8%) yaşayış yeri naməlumdur. 4735 nəfər Azərbaycan vətəndaşından 2587-də (54,6%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də (35,1%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 83-də (1,8%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 342 nəfərdə (7,2%) yoluxma yolu naməlumdur. Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 2376 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 605 nəfərə müalicə 2014-cü ildə başlanılıb. Əvvəlki illərdə olduğu kimi, 2014-cü il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Ünvan:Mir-Qasımov küç., 1/8 E-mail:office@aids.az Tel: 510 08 69