Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Bu Qanun Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (İİV infeksiyasının) profilaktikasının, diaqnostikasının, müalicəsinin, İİV-lə yaşayan
şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edir, bu sahədə
yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. İİV – insanın immunçatışmazlığı virusu;
1.0.2. İİV infeksiyası – İİV-in törətdiyi xəstəlik;
1.0.3. QİÇS – qazanılmış immunçatışmazlığı sindromu (İİV infeksiyasının son mərhələsində
insanın immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan xəstəlik);
1.0.4. İİV-müsbət status – insan orqanizmində yoluxma faktını təsdiq edən İİV-in və ona qarşı
anticisimlərin olması;
1.0.5. İİV-lə yaşayan şəxslər – İİV-ə yoluxmuş və həm xəstəliyin əlamətlərinin olmayan
mərhələsində, həm də immun sisteminin dərin zədələnməsi mərhələsində olan şəxslər;
1.0.6. İİV-ə anonim müayinə - şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədən və ya şəxsi
məlumatları bildirmədən İİV-ə tibbi müayinə;
1.0.7. İİV-ə konfidensial müayinə - müayinə və onun nəticələri barədə məlumatın gizli
saxlanılmasına zəmanət verməklə İİV-ə tibbi müayinə;
1.0.8. psixososial məsləhətləşmə - psixoemosional stressin aradan götürülməsi və İİV-lə əlaqədar
düzgün davranış qaydalarının müəyyən edilməsi məqsədilə müayinə olunan (müayinə olunmuş)
şəxslə tibb işçisi və ya sosial işçi arasında testdən əvvəl və sonra aparılan konfidensial dialoq;
1.0.9. yüksək riskli əhali qrupları – İİV-ə yoluxmaya münasibətdə riskli davranış tətbiq edən və
ictimai sağlamlığa təhlükə yaradan əhali qrupları (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi
əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.);
1.0.10. postkontakt profilaktika – peşə fəaliyyəti ilə əlaqədar, yaxud hər hansı təsadüfi və ya zorakı
seksual münasibətlər və digər riskli davranış zamanı İİV-lə yoluxma riski olduqda yoluxma
ehtimalını azaltmaq məqsədi ilə tətbiq edilən yüksək aktiv antiretrovirus müalicəsi kursu;
1.0.11. antiretrovirus müalicəsi – orqanizmdə İİV-in çoxalmasının və yayılmasının qarşısını almaq
məqsədilə spesifik dərman vasitələrindən istifadə etməklə aparılan müalicə;
7
1.0.12. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası – hamiləlik dövründə, doğuş və ana südü
ilə qidalandırma zamanı İİV-in anadan uşağa keçməsinin qarşısının alınmasına yönəldilmiş
kompleks profilaktik tədbirlər sistemi;
1.0.13. palliativ yardım – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki,
psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə
yardımın göstərilməsi üzrə tədbirlər sistemi;
1.0.14. əvəzedici müalicə – opioidlərdən asılı inyeksion narkotik istifadəçilərinin ölkədə
qeydiyyatdan keçmiş əvəzedici opioid dərman vasitələri ilə (qeyri-inyeksion üsullarla) müalicəsi.
Maddə 2. İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan, bu Qanundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 3. İİV infeksiyası ilə mübarizənin əsas prinsipləri
İİV infeksiyası ilə mübarizə və İİV-lə yaşayan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət
təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət
edilməsi prinsipləri əsasında həyata keçirilir.
Maddə 4. İİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları
4.0. İİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları aşağıdakılardan ibarətdir:
4.0.1. İİV infeksiyası ilə mübarizə üzrə milli strategiyanın və dövlət proqramlarının qəbul edilməsi
və həyata keçirilməsi;
4.0.2. İİV infeksiyası ilə mübarizə üzrə xidmətlərin ölkənin bütün ərazisində təşkilinin təmin
edilməsi;
4.0.3. əhalinin İİV infeksiyası və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və
maarifləndirilməsi;
4.0.4. yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks
tədbirlərin həyata keçirilməsi;
4.0.5. İİV-ə tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilməsi;
4.0.6. İİV-ə tibbi müayinənin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsi;
4.0.7. İİV-ə tibbi müayinənin testdən əvvəl və testdən sonrakı psixososial məsləhətlərlə müşayiət
olunması;
4.0.8. İİV-ə tibbi müayinənin məlumatlandırılmış razılıq əsasında həyata keçirilməsi;
4.0.9. İİV infeksiyası ilə mübarizə sahəsində epidemioloji nəzarət, monitorinq və qiymətləndirilmə
sisteminin təşkili;
4.0.10. tibbi prosedurların, eləcə də diaqnostik, müalicəvi və elmi məqsədlərlə istifadə olunan
qanın, qan komponentlərinin, digər bioloji mayelərin, orqan və toxumaların təhlükəsizliyinin təmin
edilməsi;
4.0.11. İİV-ə yoluxma riski olan tibb işçilərinin və digər mütəxəssislərin təhlükəsiz əmək şəraiti ilə
və zəruri qoruyucu vasitələrlə təmin edilməsi;
4.0.12. İİV-in anadan uşağa ötürülməsinin profilaktikasının təmin edilməsi;
4.0.13. İİV-lə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası tərəfindən qaçqın
statusu verilmiş şəxslərin dövlət tibb müəssisələrində tibbi yardımla (o cümlədən ixtisaslaşdırılmış
tibbi yardımla) və dərman vasitələri ilə pulsuz təmin edilməsi;
4.0.14. QİÇS mərhələsində olan İİV-lə yaşayan şəxslərə palliativ yardımın göstərilməsi;
4.0.15. İİV-lə yaşayan şəxslərin və İİV infeksiyasından zərər çəkmiş şəxslərin qanunvericiliklə
müəyyən edilmiş qaydada sosial müdafiəsi;
4.0.16. İİV infeksiyası problemləri üzrə mütəxəssislərin hazırlanması, tibb işçilərinin bilik və
bacarıqlarının artırılması üçün şəraitin yaradılması;
8
4.0.17. İİV infeksiyası problemləri üzrə elmi və xüsusi araşdırma və tədqiqatların aparılması, eləcə
də ölkədə İİV infeksiyasının profilaktikasının, diaqnostikasının və müalicəsinin müasir səmərəli
üsullarının tətbiq edilməsi;
4.0.18. İİV infeksiyası ilə bağlı məsələlərin həllinə yönəldilmiş ictimai və xeyriyyə fəaliyyətlərinə
dəstək verilməsi;
4.0.19. İİV infeksiyası problemləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına, beynəlxalq proqramlar
çərçivəsində mütəmadi olaraq məlumatların və təcrübənin mübadiləsinə şərait yaradılması;
4.0.20. qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.
Maddə 5. İİV infeksiyası ilə mübarizə sahəsində maarifləndirmə
5.1. Dövlət əhali arasında, xüsusilə yüksək riskli əhali qruplarının üzvləri, mütəmadi miqrasiya edən
şəxslər və gənclər arasında təhlükəsiz və məsuliyyətli davranışın aşılanması məqsədi ilə İİV
infeksiyasının əsas xüsusiyyətləri, İİV-ə yoluxma və yoluxmadan qorunma yolları haqqında
maarifləndirməni həyata keçirir.
5.2. Təhsil müəssisələrində gənclər arasında İİV infeksiyasının, cinsi yolla keçən infeksiyaların
profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca
bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində İİV infeksiyasının profilaktikası üzrə tədrisin
məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və
insan hüquqlarına söykənən məlumatlara əsaslanır.
5.3. Dövlət və ictimai teleradio yayımçıları İİV infeksiyasının profilaktikası barədə maarifləndirici
verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı
ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir.
Maddə 6. İİV infeksiyası ilə mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi
İİV infeksiyası ilə mübarizə üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti, qrantlar, icbari tibbi sığorta
vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər
vəsaitlər hesabına maliyyələşdirilir.
II fəsil
İİV-lə yaşayan şəxslərin hüquqları və vəzifələri
Maddə 7. İİV-lə yaşayan şəxslərin hüquqları
7.1. İİV-lə yaşayan şəxslərin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı
formada məhdudlaşdırılmasına yol verilmir.
7.2. İİV-lə yaşayan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
7.2.1. İİV infeksiyası ilə əlaqədar diskriminasiyaya və stiqmatizasiyaya (şərəf və ləyaqətin
alçaldılmasına) yol verilməməsi və onlara humanist münasibət bəslənilməsi;
7.2.2. İİV-ə tibbi müayinə və onun nəticələri, habelə tətbiq edilən tibbi nəzarət və müalicə üsulları
haqqında məlumat əldə etmək;
7.2.3. tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;
7.2.4. nikaha daxil olmaq, digər reproduktiv hüquqlarını həyata keçirmək;
7.2.5. İİV-in yayılmasının qarşısının alınması üzrə universal təhlükəsiz davranış qaydalarına
yiyələnmək;
7.2.6. qoruyucu vasitələrlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada
təmin olunmaq;
7.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
7.3. İİV-lə yaşayan şəxslərin İİV-müsbət statusunu açıqlayan elmi tədqiqat işlərinə və ya təhsil
prosesinə, foto-video və ya kino çəkilişlərinə cəlb edilməsi yalnız onların özlərinin və ya qanuni
nümayəndələrinin yazılı razılığı ilə aparıla bilər.
Maddə 8. İİV-lə yaşayan şəxslərin əmək hüquqları
8.1. İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla,
onları İİV-ə yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya
işdən azad etmək qadağandır. İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və
vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
8.2. İşəgötürən işçinin İİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatı
açıqlamamalıdır.
9
8.3. Müvafiq icra hakimiyyəti orqanı İİV-lə yaşayan şəxslərin xəstəliyin mərhələsindən asılı olaraq
ixtisaslarını dəyişdirməsi və ya yeni peşəyə yiyələnməsi üçün təxirəsalınmaz tədbirlər görməlidir.
8.4. İşəgötürən İİV-lə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraiti
(xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin
verilməsi və s.) yaratmalıdır.
Maddə 9. Təhsil və sosial xidmət müəssisələrində diskriminasiya və stiqmatizasiyanın
qadağan edilməsi
9.1. İİV-ə yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər
hansı formada məhdudlaşdırılması, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina
olunması və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulması, eləcə də təhsil
müəssisəsindən xaric edilməsi qadağandır.
9.2. Təhsil müəssisələrinin rəhbərliyi təhsilalanların və ya onların valideynlərinin yaxud yaxın
qohumlarının İİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatları məxfi saxlamalıdır.
Bununla bağlı sorğuların verilməsi və araşdırmaların aparılması qadağandır.
9.3. Stasionar müalicə müəssisələrində və ya ambulator qaydada ev şəraitində müalicə olunan İİVlə
yaşayan şəxslərin təhsil alması müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada həyata
keçirilir.
9.4. İİV-lə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial
xidmət göstərilməsindən imtina edilməsinə yol verilmir.
Maddə 10. İİV-lə yaşayan şəxslərin vəzifələri
10.1. İİV-lə yaşayan şəxslər:
10.1.1. İİV infeksiyasının başqa şəxslərə yoluxmasına yol verməmək üçün məsuliyyətli və
təhlükəsiz davranış tətbiq etməli;
10.1.2. nikaha daxil olarkən bu barədə digər tərəfi məlumatlandırmalıdır.
10.2. İİV-ə yoluxduğunu bilən şəxs başqa şəxsi (şəxsləri) bilərəkdən hər hansı bir formada İİV-ə
yoluxma təhlükəsi qarşısında qoymağa və ya İİV-ə yoluxdurmağa görə Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.
III fəsil
İİV-ə tibbi müayinə
Maddə 11. İİV-ə tibbi müayinənin aparılmasının ümumi qaydaları
11.1. İİV-ə tibbi müayinə zəruri şəraitə, müvafiq tibbi avadanlığa malik olan istənilən tibb
müəssisəsində (özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin qanunvericilikdə müəyyən edilmiş
qaydada bu fəaliyyətlə məşğul olmaq hüququ olduqda) aparıla bilər.
11.2. İİV-ə təsdiqedici tibbi müayinə İİV infeksiyasının diaqnostikası üzrə referens laboratoriyası
olan tibb müəssisələri tərəfindən həyata keçirilir.
11.3. İİV-ə tibbi müayinə şəxsə fiziki, psixoloji və mənəvi təzyiq göstərməklə aparıla bilməz.
11.4. Müayinə olunan şəxs məcburi müayinə halları istisna olmaqla, istənilən mərhələdə İİV-ə tibbi
müayinədən imtina etmək hüququna malikdir.
11.5. Yetkinlik yaşına çatmayanların və qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilmiş şəxslərin İİV-ə tibbi müayinəsi və müalicəsi onların
valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı (müraciəti) ilə aparılır. Yetkinlik
yaşına çatmayan şəxsin İİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın
maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını
almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə aparıla bilər. Yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
11.6. İİV-ə tibbi müayinənin aparılması həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə
və xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda tibbi müayinə həkimlərin
konsiliumunun qərarı əsasında həll olunur.
11.7. İİV-ə tibbi müayinə testdən əvvəl və testdən sonrakı psixososial məsləhətləşmə ilə müşayiət
olunur. Yetkinlik yaşına çatmayanlarla psixososial məsləhətləşmə psixoloqun, valideynlərin və ya
digər qanuni nümayəndələrin iştirakı ilə aparılır. Psixososial məsləhətləşmə şəxsin fərdi
xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur.
10
11.8. Tibb müəssisəsi müayinə olunan şəxsə İİV-ə müayinənin nəticələri haqqında məlumat verir.
İİV-ə müsbət diaqnoz təsdiqedici müayinə əsasında referens laboratoriya tərəfindən verilir.
11.9. Şəxsə İİV-ə yoluxduğunu tibbi müayinə aparmış müəssisənin məsul işçisi bildirir. İİV-ə
yoluxduğu müəyyən edilmiş şəxsə tibb müəssisəsi tərəfindən universal təhlükəsizlik tədbirləri,
hüquqi və sosial təminatlar izah edilir, xəstəliyin yayılmasının qarşısının alınması qaydalarına
(ehtiyat tədbirlərinə) riayət etmək tapşırılır və yoluxdurma təhlükəsi yaratmağa və ya qəsdən
başqasını yoluxdurmağa görə cinayət məsuliyyəti daşıdığı haqqında yazılı xəbərdarlıq edilir. İİV-ə
yoluxmuş şəxs əgər 16 yaşına çatmışdırsa xəbərdar edilməsini yazılı surətdə təsdiq edir və
imzalayır.
11.10. İİV-ə tibbi müayinə, İİV-müsbət status, eləcə də İİV-lə yaşayan şəxs vəfat etdikdən sonra
onun İİV-müsbət statusu haqqında məlumatlar konfidensial saxlanılır və qanunvericiliklə müəyyən
olunmuş qaydada qorunur. Bu məlumatlara malik olan şəxslər onları sirr olaraq saxlamağa
borcludurlar.
11.11. İİV-ə tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 12. İİV-ə tibbi müayinənin nəticələri barədə məlumatın verilməsi
12.0. İİV-ə tibbi müayinənin nəticələri barədə məlumat konfidensiallıq prinsipinə və testdən sonrakı
məsləhətləşmə şərtlərinə əməl edilməklə yalnız aşağıdakı şəxslərə verilir:
12.0.1. müayinə olunan şəxs 16 yaşına çatmışdırsa onun özünə;
12.0.2. müayinə olunan 16 yaşına çatmamış şəxsdirsə onun valideynlərinə və ya qəyyumlarına və
yaxud müayinə olunan şəxsin müayinə olunmasına razılıq vermiş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətli nümayəndəsinə;
12.0.3. fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin qanuni nümayəndəsinə;
12.0.4. məcburi tibbi müayinə haqqında qərar qəbul etmiş hakimə.
Maddə 13. İİV-ə tibbi müayinənin növləri
13.1. İİV-ə tibbi müayinənin aşağıdakı növləri müəyyən olunur:
13.1.1. könüllü tibbi müayinə;
13.1.2. mütləq tibbi müayinə;
13.1.3. məcburi tibbi müayinə.
13.2. Könüllü və mütləq tibbi müayinə İİV-ə tibbi müayinə olunan şəxsin və ya onun qanuni
nümayəndəsinin razılığı ilə keçirilir. Şəxsin hər hansı bir formada gizli surətdə
(məlumatlandırılmadan) İİV-ə tibbi müayinəsinin aparılması qadağandır.
Maddə 14. İİV-ə könüllü tibbi müayinə
4.1. Hər bir şəxs könüllü surətdə İİV-ə tibbi müayinə oluna bilər.
14.2. Yüksək riskli əhali qruplarına aid olan şəxslərin, hamilə qadınların və İİV-ə tibbi müayinəsi
zəruri hesab edilən digər şəxslərin İİV-ə tibbi müayinəyə cəlb edilməsi üçün tibb müəssisələrinin
işçiləri təşəbbüs göstərməlidirlər.
Maddə 15. İİV-ə mütləq tibbi müayinə
15.1. Qan, digər bioloji mayelər, orqan və toxumaların donorları İİV-ə tibbi müayinədən
keçməlidirlər. İİV-ə mütləq tibbi müayinədən imtina edən şəxslər donor ola bilməzlər.
15.2. Şəxslər İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul
edilərkən mütləq İİV-ə tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən
keçməlidirlər. İşçi bu müayinədən imtina etdikdə işəgötürən əmək qanunvericiliyinə uyğun olaraq
müvafiq tədbirlər görür.
15.3. Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ (immiqrant statusu) əldə etmək
istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-ə tibbi müayinədən keçməlidirlər.
Maddə 16. İİV-ə məcburi tibbi müayinə
Başqa şəxsləri İİV-ə yoluxdurma təhlükəsi yaradan şəxs və ya onun qanuni nümayəndəsi tibbi
müayinəyə razılıq vermədikdə, İİV-ə tibbi müayinə qanunvericilikdə müəyyən olunmuş qaydada
məhkəmənin qərarı ilə məcburi şəkildə aparılır.
IV fəsil
İİV-lə yaşayan şəxslərə tibbi nəzarət və yardım
11
Maddə 17. İİV-lə yaşayan şəxslərə tibbi nəzarət
17.1. İİV-lə yaşayan şəxslərə tibbi nəzarət onların sağlamlıq vəziyyətini mütəmadi müşahidə etmək,
səhhətlərində baş verə biləcək ağırlaşmaların qarşısını almaq, müalicə-profilaktika tədbirlərinin
səmərəliliyini artırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
17.2. İİV-lə yaşayan şəxslərə tibbi nəzarət şəxsi və ailə həyatı sirrinin, eləcə də İİV-müsbət statusu
haqqında məlumatın konfidensiallığının qorunması prinsiplərinə riayət edilməklə həyata keçirilir.
17.3. Tibb müəssisələri öz xidmətləri tərəfindən qeydə alınmış İİV-ə yoluxma və QİÇS-lə əlaqədar
ölüm halları barədə İİV infeksiyası ilə mübarizə üzrə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsinə
konfidensial şəkildə bildiriş (məlumat) verməlidirlər.
Maddə 18. İİV-lə yaşayan şəxslərə tibbi yardım
18.1. Dövlət İİV-lə yaşayan hər bir şəxsi İİV infeksiyası ilə bağlı diaqnostika, profilaktika, müalicə,
onlara qulluq və dəstəyin göstərilməsi üzrə mümkün olan yardım tədbirləri ilə təmin edir.
18.2. İİV-lə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu
verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb
müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. İİV-lə yaşayan şəxslərə dövlət büdcəsinin
vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
18.3. İİV-lə yaşayan şəxslərə tibbi yardım üzrə milli protokollar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 19. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası
19.1. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədi ilə kompleks tədbirlər həyata
keçirilir.
19.2. Tibb müəssisələri İİV-lə yaşayan qadınların hamiləlik və doğuşla bağlı məsələlərdə könüllü
qərarlar qəbul edə bilmələri üçün onları hərtərəfli məsləhətlərlə təmin edirlər.
19.3. Tibb müəssisəsi İİV-lə yaşayan hamilə qadınları yeni doğulmuş uşaqları ana südünün
əvəzediciləri ilə qidalandırmanın zəruriliyi barədə elmi cəhətdən təsdiq olunmuş məlumatlarla
təmin etməlidir. İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar qida məhsulları ilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada pulsuz təmin olunurlar.
V fəsil
Yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının profilaktikası
Maddə 20. İİV infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramları
20.1. İİV infeksiyasının profilaktikası məqsədi ilə yüksək riskli əhali qrupunun üzvləri arasında
beynəlxalq təcrübədə tətbiq edilən zərərin azaldılması proqramları tətbiq olunur. Buraya inyeksiya
üçün steril ləvazimat ilə təminat, fərdi qoruyucu vasitələrlə təminat, əvəzedici müalicəyə cəlb etmə,
İİV-in yayılması yolları və onun qarşısının alınmasının üsulları haqqında, eləcə də təhlükəsiz
davranış haqqında məlumatlandırma, hüquqi və psixoloji yardım və reabilitasiya proqramları aid
edilir.
20.2. Zərərin azaldılması proqramları tərbiyəvi, maarifləndirmə, məlumatlandırma, müalicəvi, tibbiprofilaktik,
reabilitasiya və məsləhət xarakterli tədbirləri əhatə edir, qabaqlayıcı xarakter daşıyan
üsulların əhali üçün əlçatanlığını təmin etməklə həyata keçirilir.
20.3. Zərərin azaldılması proqramlarının tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 21. Yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının profilaktikası
21.1. Müvafiq icra hakimiyyəti orqanları, hər bir qrupun spesifik tələbatları nəzərə alınmaqla,
yüksək riskli əhali qrupları arasında İİV infeksiyası, o cümlədən QİÇS haqqında biliklər əldə
etməyə yönəldilmiş profilaktik tədbirlər, təhlükəsiz və məsuliyyətli davranış aşılanmasına
yönəldilmiş maarifləndirici və məlumatlandırıcı proqramlar həyata keçirir, onlara məlumatlandırma
xarakterli materiallar təqdim edirlər.
21.2. İİV infeksiyasının, B və C hepatitlərinin yayılmasının, İİV-ə yoluxmuş şəxslərin inyeksion
narkotik vasitələrindən istifadənin qarşısını almaq, onların sosial reabilitasiyasını və cəmiyyətə
12
inteqrasiyasını təmin etmək və digər məqsədlərlə inyeksion narkotik istifadəçiləri arasında
könüllülük əsasında əvəzedici müalicə proqramları tətbiq edilir. İnyeksion narkotik istifadəçilərinin
müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 22. Penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikası
22.0. Penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikası məqsədi ilə aşağıdakı tədbirlər
həyata keçirilir:
22.0.1. penitensiar müəssisələrdə saxlanılan və ya cəza çəkən şəxslərin, eləcə də onlara xidmət
göstərən əməkdaşların İİV infeksiyası və onun profilaktikası sahəsində məlumat almaq imkanının
yaradılması və biliklərinin artırılması;
22.0.2. penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikasının həyata keçirilməsi, tibbi
göstərişlərə əsasən İİV-lə yaşayan şəxslərin müalicəsinin təmin edilməsi;
22.0.3. penitensiar müəssisələrdə bu Qanunun 20-ci maddəsinə uyğun olaraq zərərin azaldılması
proqramlarının tətbiqi.
Maddə 23. Postkontakt profilaktika
23.1. Peşə fəaliyyəti ilə əlaqədar qan, qan komponentləri və digər bioloji mayelərlə təmasda olan
tibb işçiləri və peşə fəaliyyəti ilə əlaqədar İİV-ə yoluxma riski yüksək olan digər şəxslər
təxirəsalınmadan və ödənişsiz postkontakt profilaktika tədbirləri ilə təmin olunurlar.
23.2. Zorlamaya və İİV-ə yoluxmaya təhlükə yaradan digər zorakılılığa məruz qalmış şəxslərə
təxirəsalınmadan və ödənişsiz postkontakt profilaktika tədbirləri və cinsi yolla keçən infeksiyaların
müalicəsi üzrə xidmətlər və psixoloji yardım göstərilir.
VI fəsil
Tibbi prosedurların təhlükəsizliyinin təmin edilməsi
Maddə 24. Universal təhlükəsizlik tədbirlərinin tətbiqi
24.1. Universal təhlükəsizlik tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
əksepidemik qaydalar olaraq, tibbi və digər xidmətlər göstərilərkən qan və digər bioloji mayelərlə
kontakt riskinin azaldılması üçün tətbiq olunur.
24.2. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması
nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinə mütləq şəkildə riayət
olunmalıdır. Həmin xidmətləri göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətinin universal
təhlükəsizlik tədbirlərinin tələblərinə uyğun olmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir, bu tələblərə riayət etməyən şəxslər qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar.
24.3. Tibb işçiləri İİV-ə yoluxmanın qarşısının alınması üçün universal təhlükəsizlik tədbirlərinə
əməl etməli, müvafiq müdaxilələrin aparılması üçün zəruri vasitələrə malik olmalıdırlar.
Maddə 25. Pasiyentlərin müdafiəsinin təmin edilməsi
25.0. Tibb müəssisələri aşağıdakı hallarda pasiyentlərin İİV-ə yoluxmasının qarşısını almaq üçün
zəruri şərait yaratmalıdırlar:
25.0.1. qan, qan komponentləri, digər bioloji mayelər, orqan və toxumalar köçürüldükdə;
25.0.2. hər hansı laborator və instrumental müayinələr aparıldıqda;
25.0.3. hər hansı tibbi müdaxilələr, o cümlədən stomatoloji, ginekoloji, cərrahi və digər
əməliyyatlar aparıldıqda;
25.0.4. hər hansı kosmetoloji proseduralar və manipulyasiyalar aparıldıqda.
Maddə 26. Tibb işçilərinin müdafiəsinin təmin edilməsi
26.1. İnsanların qanı və qan komponentləri, digər bioloji mayeləri, orqan və toxumaları ilə təmasda
olan, o cümlədən diaqnostik tədqiqatlar aparan, yaxud tibbi yardım göstərən tibb işçiləri tibb
müəssisəsi tərəfindən zəruri qoruyucu vasitələrlə pulsuz təmin edilir, onların mütəmadi olaraq İİV-ə
tibbi müayinəsi təşkil edilir.
26.2. Tibb işçiləri və digər mütəxəssislər öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə
yoluxarlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
26.3. Öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxma riskinə görə tibb işçiləri müvafiq
qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət hesabına icbari sığorta olunurlar.
13
26.4. İİV-lə yaşayan şəxslərə tibbi, psixoloji, sosial yardım göstərən, İİV infeksiyasının laborator
diaqnostikasını həyata keçirən, yoluxmuş materialları istifadə etməklə elmi tədqiqatlar aparan,
diaqnostika üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun
olaraq vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək
funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir.
VII fəsil
Yekun müddəaları
Maddə 27. İİV-lə yaşayan və İİV infeksiyasından zərər çəkmiş şəxslərin sosial müdafiəsi
27.1. İİV-ə yoluxmuş şəxslərə yoluxmada təqsirkar şəxslər tərəfindən vurulmuş ziyanın ödənilməsi
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Vurulmuş ziyanın ödənilməsi təqsirkar
şəxsləri qanunvericiliklə müəyyən olunmuş digər məsuliyyət növlərindən azad etmir.
27.2. Stasionar tibb müəssisəsində İİV-lə yaşayan 14 yaşınadək uşağı ilə birgə qalan işləyən
valideynlərdən birinə və ya uşağa qulluq edən digər şəxsə qanunvericililiklə müəyyən edilmiş
qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.
27.3. İİV-lə yaşayan şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunvericiliklə
müəyyən edilmiş qaydada təyin edilir.
Maddə 28. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 29. Beynəlxalq əməkdaşlıq
İİV infeksiyası, o cümlədən QİÇS ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il
№ 1001-IIIQ