Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

2015-ci ilin yekunlarına görə Azərbaycanda

İİV/QİÇS problemi ilə əlaqədar

PRESS-RELİZİ

İİV/QİÇS problemi Azərbaycandanda da aktual problem olaraq daima Respublika Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

ÜSTUNAİDS-in 2015-ci ilin məlumatına əsasən İİV-lə mübarizədə qalibiyyət yalnız yeni yoluxma hallarının qarşısının alınması və antiretrovirus müalicəsinə əlçatanlığın genişləndirilməsi yolu ilə mümkündür. Dünya miqyasında gələcək 5 il müddətində 90-90-90 məqsədinə çata biləcəyimiz halda 2030-cu ildə epidemiyaya qalib gələ bilərik.

Məlumatda qeyd edilib ki, 2014-cü ilin sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,9 milyon nəfər təşkil etmişdir ki, onlardan da 2 mln nəfəri 2014-cü ildə yoluxanlardır. Xilasedici ARV-terapiya (ART) qəbul edənlərin sayı 14,9 mln nəfər olmuşdur ki, onların arasında uşağlar 823 min nəfər, hamilə qadınlar isə 1,5 mln təşkil edir. İİV-lə bağlı ölüm halları2014-cü ildə 1,2 mln nəfər təşkil etmişdir.

2015-ciil ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 727nəfərdə təsdiqlənmişdir. Onlardan 704-i (96,8%) Azərbaycan vətəndaşı, 23nəfəri (3,2%) isə əcnəbidir. Qeydiyyata alınmış 704 Azərbaycan vətəndaşından 480-si (68,2%) kişi, 224-u (31,8%) qadındır.

Ümumilikdə 2015-ci ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 4704 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 73,3%-i (3447) kişi, 26,7%-i (1257) qadındır. QİÇS mərhələsində olanlar 1234 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 735 nəfər olmuşdur.

İİV-lə yaşayan insanlardan 48,2%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,6%-daheteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə, 0,02%-da (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,5% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda2960 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 584 nəfərə müalicə 2015-ci il ərzində başlanılmışdır.

01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 84083 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 54 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2015-ci il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilmişdir. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqust ayında ölkədə "İİV müayinəsi ilə bağlı Milli həftəlik” , 20-27 noyabr 2015-ci il tarixində "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilmişdir. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilmişdir. Prioritet olaraq, əsas diqqət həmişə olduğu kimi, risk qrupları üzərində qalmaqda davam edir. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50stasionar və 12 səyyar məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq ücün, QHT-lər və əlaqəli beynəlxalq qurumlarla iş davam edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: +994 12 510 08 69