Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyət sahələri üzrə iş prosedurları

Respublikanın tibb müəssisələrində İİV-ə yoluxma ehtimalı səbəbindən vətəndaşlardan götürülmüş qan nümunələri, xüsusi probirkalarda və Səhiyyə Nazirliyinin 31.08.2012-ci il tarixli 65 saylı əmrilə təsdiq edilmiş göndərişin müşaiyəti ilə, RQMM-in regional laboratoriyaları mərkəzi laboratoriya və Respublika GEM-nin laboratoriyasına çatdırılır.

Qan nümunəsinin, 1 gün ərzində çatdırılması qaydasına riayət mümkün olmadıqda, onun zərdab hissəsi xüsusi şəraitdə saxlanılmaqla, 5 gün müddətinə nəql olunur. Göstərilən müddətə riayət olunmadıqda, qan və zərdab nümunəsi, laboratoriyaya təqdim olunduqda, yararsız olduğy üçün aktlaşdırılaraq, utilizasiya edilir.

Laboratoriyalara hər hansl bir vətəndaş, o cümlədən anonim tərzdə müayinə üçün müraciət edə bilər. Hər müayinə halında, testləşmədən öncə və sonra məsləhətləşmə aparılır və nəticə vətəndaşa bildirilir.

Mənfi müayinə nəticəli nümunələrin bioloji qalıqları utilizasiya olunur. Müsbət nəticəli qan nümunələri bir daha İFA üsulu ilə müayinədə yenə müsbət nəticə verdikdə, təsdiqləyici müayinə üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qəbul şöbəsinə göndərilir (referens müayinə).

 

Qəbul şöbəsi

Qəbul şöbəsi, üzərinə qoyulan vəzifələrlə bağlı, aşağıdakı fəaliyyət sahələrini həyata keçirir:

  1. Özəl və Səhiyyə Nazirliyi sistemindən kənar müəssisələr istisna olunmaqla, digər müəssisələrdə ilkin İİV-müsbət nəticə vermiş qan nümunələrinin referens müayinə üçün qəbul edilməsi.
  2. Səhiyyə Nazirliyinin 11.03.2011-ci il tarixli, 29 saylı əmrilə Bakı şəhərinin 5 rayonundan (Qarabağ, Binəqədi, Yasamal, Səbail, Nəsimi) tədarük edilmiş qan nümunələrinin ilkin skrininqi üçün qəbul edilməsi.
  3. Müayinə arayışı və beynəlxalq tipli sertifikat almaq məqsədilə, bilavasitə müraciət edən vətəndaşların qəbul edilməsi, qan nümunələrinin, müayinə üçün götürülməsi.
  4. İİV-ə yoluxmuşların işləməsinə yol verilməyən peşələrdə çalışan əməkdaşların vaxtaşırı İİV-ə müayinədən keçirilməsi.
  5. Anonim tərzdə İİV-statusunu öyrənmək məqsədilə, müayinə üçün müraciət edən vətəndaşların qəbul edilməsi (anonim müayinə kabineti).

 

Bütün hallarda qəbul edilən qan nümunələri müayinəyə yararlılıq baxımından, zahirən (görünüşü, zərdabdan ayrılması, hemoliz vəziyyəti, qablaşdırmanın tamlığı, kodlaşdırması) yoxlanılır və nəql tələblərinə cavab vermədikdə aktlaşdırılaraq, utilizasiya olunur. Aktların bir nüsxəsi tədarükçünün növbəti gəlişi zamanı ona təqdim olunur.

Qəbul şöbəsində üç mənbədən (müəssisələr, əyani müraciətlər, anonim müayinə kabineti) toplanmış qan nümunələri, qəbul olunduqları qeydiyyat otaqlarında kompyuter bazasına daxil olunur, kodlaşdırılır və müşayiət sənədləri ilə birqə, hər 30 dəqiqədən bir laboratoriyanın əməkdaşı vasitəsilə, laboratoriyaya müayinə üçün təqdim olunur.

Müayinə cavabları laboratoriyadan qəbul şöbəsinə çatdırıldıqda:

  • Müəssisədən daxil olan, müsbət nəticəli nümunələrin cavabı, konvertdə, üzərində müəssisə müdirinin imzası və möhürlə təsdiqlənmiş halda, tədarükçü müəssisə rəhbərinə göndərilir. Mənfi nəticələr, göndərişin ikinci hissəsində qeyd edilir, rəhbərlik tərəfindən imzalanır, möhürlə təsdiqlənir və tədarükçüyə qaytarılır.
  • Əyani surətdə sənəd əldə etmək məqsədilə, alınmış qan nümunələrinin cavabları İİV-müsbət olduqda, həmin şəxslərə şifahi məlumat verilir və epidemioloji araşdırmanın aparılması məqsədilə, şəxsə epidnəzarət və profilaktika şöbəsinə müraciət etmək tövsiyə olunur. Tövsiyəni qəbul, yaxud ondan imtina etmək, şəxs üçün könüllüdür. Mənfi nəticələr üzrə müayinə cavabları hər müraciətçiyə, aldığı qəbzin əsasında təqdim edilir.
  • Anonim müayinə kabinetinə müraciət edənin skrininq nəticəsi, məsləhətləşmə aparılarkən, bildirilir və müsbət olduqda, araşdırma məqsədilə, epidnəzarət şöbəsinə müraciət etməsi təklif olunur.

 

 

Epidemioloji nəzarət və profilaktika şöbəsi

Epidemioloji nəzarət və profilaktika şöbəsi, üzərinə düşən vəzifələrlə əlaqədar, aşağıdakı fəaliyyət sahələrini həyata keçirir.

  1. Yoluxma halının epidemioloji araşdırılması.

Bu məqsədlə, xəstənin təkrar qan nümunəsi bir daha müayinə üçün epidemioloq tərəfindən götürülür və müsbət nəticə alındıqda, bu hal İİV-ə yoluxma ehtimalını daha yüksək risklə mövcudluğunu ciddi hesab etməyə əsas verir. Başqa bir test-sistemlə qan nümunəsi üçüncü dəfə yoxlanılır və onun müsbət nəticəsi, dördüncü – sonuncu dəfə yoluxmanın təsdiqi məqsədilə, immunoblotinq üsulu ilə İİV-ə əkscisimlərin mövcudluğu məqsədilə, aparılır.

İİV-infeksiyaya yoluxma halının təsdiqi, laborator, epidemioloji və klinik məlumatlar əsasında Mərkəzin müvafiq strukturlarının təqdimatı əsasında Ekspert Şurasının qərarı ilə qəbul edilir.

  1. Epidemioloji araşdırmaların aparılması (tədqiqat sənədinin tərtibi).

Vətəndaşın ikinci müayinəsi müsbət nəticə verdikdə, epidemioloq tərəfindən yoluxmanın epidemioloji araşdırılması həyata keçirilir, yoluxma mənbəyi axtarılır və nəticə, digər bir fərd olduqda, onun da ətrafında epid araşdırma tədbirləri həyata keçirilir. Beləliklə bəzi hallarda araşdırmalar nəticəsində bir neçə mənbə təyin oluna bilər.

  1. İİV-ə yoluxmuşdan xəbərdarlıq iltizamnaməsinin alınması (sənədin tərtibi).

Epid araşdırma sənədinin tərtibatı ilə yanaşı, vətəndaşdan başqalarını bilərəkdən İİV-ə yoluxdurmağa görə cinayət məsuliyəti daşıması barədə xəbərdarlıq  iltizamnaməsi alınır və hər iki sənəd onun tibbi sənədlər toplusunda və eyni vaxtda ayrılıqda, saxlanılır.

  1. Müayinə və müalicə üçün məlumatlandırılmış razılığın alınması.

Xəstəni tezliklə müalicə proqramına cəlb etmək məqsədilə, ona, məlumatlandırılmış razılığı əsasında, antiretrovirus müalicəsi başlanılır. Vətəndaş, Ekspert Şurasının qərarı və onun əsasında qeydiyyat kodunu aldıqdan sonra, epidemioloji nəzarət və profilaktika şöbəsi, xəstənin tibbi sənədlərini dispanser müşahidə və ambulator müalicə şöbəsinə təqdim edir. Nəzərə alınmalıdır ki, bütün müayinə, sorğu və gələcəkdə müalicəyə qoşulma prosedurları dövründə vətəndaş yalnız könüllü tərzdə iştirak edir. Onun hər hansı güc təsiri ilə tibbi prosesə cəlb olunması yolverilməzdir.

  1. Müayinədən yayınanların axtarılması.

İİV-li xəstələrin aşkarlanma prosesindən başlayaraq, diaqnozunun təsdiqi və tibbi yardımla təminatadək, müşayiət və tədqiqat fəaliyyətləri ilə yanaşı, epidemioloqlar bu proseduru yarıda qoyan və şüurlu surətdə yayıyanların axtarılması, onların hər hansı mərhələdə olmalarına baxmayaraq, müalicəyə çatdırılmasına, ona sadikliyin möhkəmlənməsinə səylər göstərirlər.

  1. Yanlış diaqnostika, səhv qeydləşdirilmiş qan nümunələrinin araşdırılması.

Praktiki təcrübədə, qan nümunələrinin hər hansı səbəbdən nişanlanmasında səhv buraxılma nəticəsində baş verən və verəbiləcək halların araşdırılması, təqsirkarların müəyyən edilməsi, məsuliyyət dərəcələrinin təyin olunması və bu barədə ölçünün mütləq götürülməsinə nəzarət edilməsi, epidemioloq tərəfindən həyata keçirilir.

  1. Kəşfiyyatçı epidemioloji nəzarət tədqiqatlarının aparılması.

Epidemioloji nəzarət və profilaktika şöbəsi fəaliyyət göstəricilərinin dürüstlüyü və tətbiq etdiyi mübarizə metodlarının səmərəliyinin təsdiqi məqsədilə, vaxtaşırı (adətən 2 ildən bir) kəşfiyyatçı epidemioloji nəzarət tədqiqatı təşkil edir və nəticələri dürüst mübarizə istiqamətlərinin seçilməsində aparıcı meyyarlar kimi, qiymətləndirilir. Bu tədqiqatlar olduqca böyük iş potensialı və vaxt tələb etdiyinə baxmayaraq, planlaşdırma, proqnozlaşdırma istiqamətində əvəzsiz rola malikdir.

  1. Profilaktika sahəsində maarifləndirmə.
    • Epidemioloji nəzarət və profilaktika şöbəsi kütləvi maarifləndirmə və müayinə aksiyalarını təşkil edir. Tədris müəssisələri və yuxarı sinif şagirdləri arasında İİV-lə mübarizə üzrə kompleks biliklərin yayımlanması, təbliğat və təşviqat materiallarının tərtibi də bu şöbənin fəaliyyət sahələrindədir.
    • Şöbənin fəaliyyət sahələrinə elmi praktik konfransların, treninq kurslarının KİV-lə əlaqələrin saxlanılması, iştirak etmək məqsədilə, digər ölkələrin təşkil etdiyi toplantıların izlənməsi, onların ünvanına elmi məqalə və tezislərin göndərilməsi də aiddir.
  2. İşgüzar əlaqələrin yaradılması və dəstəklənməsi.

Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları, onların İİV-lə bağlı fəaliyyətlərinin uzlaşdırılması və birqə tədbirlərində iştirak edilməsi şöbənin profilaktika istiqamətli fəaliyyətinin saxələrindədir.

 

Təşkilatı-metodiki işlər şöbəsi (TMŞ)

Təşkilatı-metodiki işlər şöbəsi, aşağıda adı çəkilən iş sahələri üzrə fəaliyyət göstərir:

  • Struktur bölmələrin fəaliyyət istiqamətlərini təşkil edir.
  • Fəaliyyət sahələri və vəzifələrin icrasında qəbul olunmuş qaydalara riayət edilməsi üzərində nəzarət aparır.
  • İş üzrə, əsas göstəricilərin təhlilində iştirak edir və nəticə etibarilə təkliflər verir.
  • Struktur bölmələrin fəaliyyət səviyyəsinin yüksəldilmə yollarının araşdırılması və həyata keçirilməsinin təşkili üzrə təkliflər irəli sürür.
  • İİV-lə mübarizə üzrə tibb müəssisələrinə metodiki yardım göstərir.
  • Beynəlxalq təşkilatların, yüksək təcrübəyə malik ölkələrin tövsiyə və təkliflərinin tətbiqi məqsədilə, önları ölkə şəraitinə uyğun uzlaşdırır.
  • Fəaliyyət sahələri üzrə hesabatların tərtibatı, kütləvi tədbirlərin təşkilində iştirak edir.

Praktik fəaliyyətə gəldikdə, TMŞ üzərinə aşağıdakı vəzifələr həvalə edilir:

  1. İİV-infeksiyası ilə mübarizə üzrə tibb müəssisələrinin hesabatlarını qəbul edir, təhlilini aparır, nəticələr üzrə təklif və tövsiyələrini verir.
  2. Səhiyyə Nazirliyi, digər rəhbəredici orqanlar, Komitələr, Baş İdarə və Nazirliklərə təqdimat məqsədilə, hesabatlar hazırlayır.
  3. Aşağıda adı çəkilən işlərin icrasında iştirak edir
    • İİV-lə mübarizə üzrə Dövlət Strateji Proqramlarının tərtibatı və icrası üzrə hesabatların hazırlanmasında.
    • RQMM-in təşkilatlarla yazışma sənədlərinin tərtibi, o cümlədən məktub və arayışların hazırlanmasında.
    • Respublikanın regional tibb müəssisələrinə metodiki yardımın göstərilməsində, keçirilən tədbirlərdə və komissiyalar tərkibində, yoxlamalarda.
    • Azərbaycan Respublikasının daxil olduğu, Şərgi Avropa və Mərkəzi Asiya region ölkələrinin təşkil etdiyi konfrans, treninq və seminarlarda.
    • Region ölkələri ilə birgə keçirilən elmi-praktik tədqiqatlarda.
    • RQMM-in təşkil etdiyi ictimai komissiya və qurumlarının (tender, təhvil-təslim, fövqaladə hallar, hospitalizasiya, həkim-məsləhət komissiyaları) fəaliyyətində.
    • Təşkil olunan kəşfiyyatçı epidemioloji nəzarət tədqiqatlarında.
    • KİV-lərlə əlaqələrin dəstəklənməsi, onlarla birgə keçirilən maarifləndirmə işlərində.
    • Fəaliyyət üzrə əmr, təlimat, maarifləndirici çap materialları əyani vəsaitlərin tərtibatında.

Respublika  QİÇS-lə Mübarizə Mərkəzinin diaqnostikа laboratoriyası

Mərkəzin laboratoriyası müəssisənin əsas binasının üçüncü mərtəbəsində yerləşir və 7 müayinə boksundan ibarətdir:

  1. Təqdim olunan qan nümunələrinin qeydiyyatı və müayinələr üçün hazırlama boksu;
  2. Serologiya boksu – seroloji müayinələrin aparıldığı (İİV-ə skrininq, arbitraj və immunoblot müayinəsi ) boks;
  3. Hepatit və opportunistik infeksiyaların skrininqi boksu;
  4. Biokimyəvi və ümumi klinik müayinələr boksu (qanın ümumi, biokimyəvi, sidiyin və nəcisin morfologiyası);
  5. Bakteriologiya boksu;
  6. İmmunologiya boksu;
  7. Molekulyar- qenetik müayinələr və rezistentliyin təyin edilməsi üzrə boks 4 otaqdan ibarət olan bu boks 2 hissəyə ayrılmışdır.

 

  1. Qeydiyyat və nümunələrin müayinəyə hazırlama boksu

Bütün  qan nümunələri Mərkəzin qəbul şöbəsində qeydiyyatdan keçirildikdən sonra laboratoriyaya daxil olunur və onun qeydiyyatına alınır. Səhiyyə Nazirliyinin 2011-ci il 29 nömrəli əmrinə əsasən skrininq müayinəsi üçün Mərkəzə,  Bakı şəhəriin (Qaradağ, Binəqədi, Yasamal, Səbail, Nəsimi) 5 rayonlarında yerləşən tibb müəsisələrindən qan nümunələri göndərilir. Müsbət nəticənin təsdiq olunması məqsədilə,  regional laboratoriya və bir sıra digər səlahiyyətli laboratoriyalardan qan nümunələri də daxil olur. Laboratoriyanın qəbul boksunda qan nümunələri tərkib hissələrə ayırılır və müvafiq bokslara göndərirlər.

 

  1. Seroloji müayinələr boksu.

Seroloji müayinələr ÜST-ün tövsiyələrinə uyğun aparılır. 2011-ci ildən İİV-ə skrininq və arbitraj müayinələri Abbott firmasının “Architect” cihazında aparılır. Bu cihazda aparılan müayinələr xemoluminisent üsuluna əsaslanır.

Xemoluminisent müayinəsi daha yüksək həssaslığa və spesifikliyə malikdir. Həssaslıq – 100%, Spesifiklik – >99.5% və cüzi sayda “yanlış müsbət” nəticələrin alınmasına səbəb olur.

Skrininq müayinələr İFA üsulu ilə də aparılır. Vətəndaşların ehtiyaclarını ilk dəfədən ödəmək məqsədilə, iki firmanın (Biorad və Rusiyanın ДС -ИФА-ВИЧ) test-sistemləri ilə müayinələrin aparılması, nəticələrin dürüstlüyünə təminat verir.

Skrininq  müayinəsi zamanı, İFA üsulu ilə müsbət nəticə verən qan nümunələri II mərhələdə fərqli digər 2-3 test-sistemdə yoxlanılır. Nəticə mənfi olduqda, numünə neqativ hesab edilir. Müsbət nətıcə göstərən nümunələr – 3-cü mərhələdə təsdiqedici  İmmunobloting (İB) üsulu ilə yoxlanılır. Mahiyyətcə İFA-nın növü olan immunoblotinq (İB) üsulu ilə İİV-in antigenləri (zülallar) təyin edilir. Bu müayinələrin aparılmasında Mərkəzi laboratoriyada  iki növ test sistemi işlənilir (FUJİREBİQ  firmasının istehsalı olan İNNO-LİA HİV1/2 Score və BioRad New LAV Blot). Bu müayinələrin müsbət nəticələri əsasında Ekspert Şurasında şəxslər daimi qeydiyyata götürülür. 2021-ci ilin 9 ayı ərzində 61592 müayinə aparılıb, onlardan musbət nəticə əsasında 522 nəfər qeydiyyata götürülmüşlər.

 

  1. Hepatit və opportunistik infeksiyaların skrininqi boksu.

Mərkəzdə, müəyyən olunmuş qayda və Milli protokolun tələbləri üzrə dispanser  qeydiyyatına götürülən şəxslərin qan nümunələri HbsAg, anti-HCV, Lues, CMV, HSV, Toksoplazma mövcudluğuna müayinələrdən keçirilir.

 Bu müayinələr seroloji üsulla  İFA test sistemləri ilə aparılır. 2021-ci ilin 9 ayı ərzində  870 Hbsag (23 müsbət); HCV 869 (123 müsbət); opportunistik infeksiyalara  1484 (395 müsbət).

 

  1. Biokimyəvi və ümumi klinik müayinələr boksu.

Biokimyəvi və ümumi klinik boksunda Mərkəzin dispanser və stasionar şöbələrindən göndərilən qan nümunələri müayinə olunur. Laboratoriyaya daxil olan qan nümunələrinin ümumi klinik müayinəsi “Sysmex XP-300” hematoloji analizatorda aparılır. 2021-ci ilin 5 ayı ərzində 3093 ümümklinik  müayınə aparılıb.

     Bütün biokimyəvi müayinələr Cormay MULTİ PLUS  analizatorunda aparılır. (ALAT, ASAT, Kreatinin, Bilirubin, Amilaza, Xolesterin, Triqliseridlər, LDH, Qlükoza,  ALP göstəriciləri). Cihaz  yarım  avtomat  və açıq sistem qaydasında  işləyir. 2021-ci ilin 9 ayı  ərzində 10077 müayınə aparılıb.

 

  1. İmmunologiya boksu.

İmmunoloji boksda İİV-ə yoluxmuş xəstələrin immun statusu 2 “BD Fax Calibur” Axar sitometrlərində   yoxlanılır. Bu müayinənin nəticəsində ARV-terapiyanı tətbiq etmək üçün xəstələr müəyyənləşdirilir. 2021-ci ilin 5 ayı ərzində 3244 müayinə aparılıb.

 

  1. Molekulyar – genetik müayinələr və rezistentliyin təyin edilməsi boksu.

Molekulyar-qenetik bokslarda qydiyyatda olan xəstələrin virus yükü PZR üsulu ilə təyin edilir. Müayinələr tam avtomat “Abbott 2000 sp” cihazında aparılır. Cihaz 1 dəfəyə 24, 48 və ya 96 müayinə aparmaq  mümkündür . Bundan əlavə 2019-cu ilin  dekabr ayında Qlobal Fond tərəfindən PZR müayinəsi üçün “GENE X-Pert” cihazı verilmişdir. Bu cihazda bir dəfəyə 16 müayinə aparmaq imkanı var və 90 dəqiqəyə nəticə almaq mümkün olur.  Ümumiyyətlə 2021-ci ili 9 ay ərzində 4080 PZR müayinə aparılmışdır.

PZR boksunda Applied Biosystems genetik analizator/sekvenator 3500 (ABŞ) cihazından istifadə olunur. Klassik sekvenatorlarda müayinə üçün homogen prob istifadə olunur. Sekvenasiyadan əvvəl PZR vasitəsilə DNT sahələrinin amplifikasiyası olunur. Bunun nəticəsində eyni DNT-nin fraqmentləri alınır. Bu cihaz rezistentliyi və DNT molekulasının genetik strukturunu təyin etmək üçündür.

 

  1. Baktereologiya boksu.

Bakterioloji boksda qeydiyyatda olan xəstələrin vərəm mikobakteriyalarının müayinəsi aparılır. 2017-ci ildə İnnovasiya və Təchizat Mərkəzi tərəfindən RQMM-də GENE X-Pert cihazı dekabr ayında quraşdırılmışdı. Bu cihaz vərəm mikobakteriyaların DNT-nı aşkar edən cihazdır və hər hansı bir vərəm əleyhinə dərman preparatlarına qarşı həssaslığı təyin edir.

Cihaz, onda işləyən mütəxəssisi infeksion maddə ilə təmasını  minimuma  endirir. 2021-ci ilin 9 ayı ərzində 149 müayinə aparılıb və onlardan 6 müsbət nəticə verimişdir.

2020-ci ilin iyul ayında COVİD-19 pandemiyası ilə əlaqədar, RGMM-in PZR boksu koronavirus müayinəsi üçün ayrılmışdır. Laboratoriyanın iki həkimi (İbrahimova Səbinə, Məlikzadə Şəbnəm), üç laborantı (Babayeva Natavan, Heydərova Günay, Nəsirova Ramilə) və operator (Hüseynova Vüsalə) bu işə cəlb edilmişlər. Gün ərzində təxminən 200-ə yaxın Abbort cihazında müayinə aparılır.  Hazırda müayinələrin aparılması davam etdirilir. 7 iyul 2020-ci il tarixdən, 30 may 2021-ci il tarixədək, laboratoriyada cəmi 4096 müayinə aparılmış və onlardan 372 müsbət nəticə vermişdir.

 

 

 

Stasionar Yardım şöbəsi

 

İİV/QİÇS-lə yaşayan insanlara hərtərəfli ixtisaslaşdırılmış tibbi xidmətin yüksək səviyyədə təşkil olunması və ilkin olaraq, xəstələrə təyin edilən antiretrovirus terapiyasının  qəbuluna nəzarət məqsədilə, 2006-cı ilin noyabr ayında, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibində 30 çarpayılıq stasionar yardım şöbəsi yaradılmışdır.

İlk vaxtlarda qeydiyyatda olan xəstələri və eləcədə stasionar müşahidə üçün ehtiyacı olanların saylarının azlıq təşkil etməsilə bağlı, çarpayı fondu kiçildilmişdir.

Hazırda şöbədə 20 çarpayı fəaliyyət göstərir və ehtiyacları ödəyir. Şöbə, standart normativlərə uyğun olaraq, həkimlər otağı, böyük tibb bacısının otağı, 8 palata, 5 sanitar qovşaq, mənbəx, qida qəbulu, manipulyasiya, sanitar işləmə otaqları və istirahət güşəsinə (foye) malikdir.

Şöbəyə hospitalizasiyaların əsas səbəbi, antiretrovirus terapiyası yeni təyin olan xəstələrin dərman qəbuluna nəzarət, ARV-terapiyanı özbaşına dayandıranlara – yeni sxemlərin təyini və üzərində nəzarət, eləcədə opportunistik infeksiyaların baş qaldırdığı xəstələrin müalicəyə cəlb olunması.

Şöbə müvafiq ştat vahidləri ilə təmin olunmuşdur:

Şöbə müdiri – 1; həkim-infeksionist – 1; böyük tibb bacısı – 1; tibb bacısı – 8; kiçik tibb bacısı – 7.

Ayrılmış ştat vahidlərinin hər biri mütəxəssislər tərəfindən tutulmuşdur.

2021-ci ilin 9 ayı ərzində şöbədə 203 xəstə müalicə almışdır.

Keçirilən çarpayı günlərinin sayı –                          2632 gün

Çarpayının iş yükü –                                                131.6 gün

Xəstənin çarpayıda orta qalma müddəti –                 13.4 gün

Çarpayı dövriyyəsi –                                                9.8

 

Stasionar müalicədə olanlardan əksəriyyət xəstələr – 148 nəfər (73%) ilkin hospitalizasiya olanlardır.

 

Hospitalizasiya zamanı xəstələrə ümumilikdə 955 laborator müayinə və 283 mütəxəssis baxışları keçirilmişdir.

Xəstələrin ağırlıq mərhələsinə gəldikdə, İİV-infeksiyanın I mərhələsində olanlar – 19; II mərhələdə – 5; III mərhələdə – 85; IV mərhələdəd olanlar – 74 nəfər təşkil etmişdir.

Yaş qrupları mənsubiyyətinə görə:

24-29 yaşlılar – 19 nəfər; 30-39 yaşlılar – 61 nəfər; 40-49 yaşlılar – 71 nəfər; 50-59 yaşlılar – 33 nəfər; 60 yaşdan yuxarı olanlar – 4 nəfər olmuşlar.

 

İİV-infeksiyanın təzahür etdiyi xəstəliklərə gəldikdə, onların arasında ən çox rast gəlinənlər: müxtəlif lokalizasiyalı kandidozlar – 103 hal; xeylitlər – 48 hal; ağ ciyər və ağ ciyərdən kənar vərəmlər – 33 hal; generalizə olunmuş limfodenopatiya – 80 hal təyin olunmuşdur.

Yanaşı gedən xəstəliklər arasında viruslu hepatit “C” üstünlük təşkil etmişdir – 65 nəfərdə.

 

Stasionar şöbədə müalicə qəbul edən xəstələrə “Palliativ yardımın təşkili” layihəsi çərçivəsində qulluq və dəstək xidmətləri göstərilir. Xəstələrə və onların yaxınlarına həkimlər tərəfindən zəruri konsultativ psixoloji yardım növləri təqdim edilir, simptomatik müalicə aparılır.

Orta tibb personalı tərəfindən tibbi prosedurların aparılması ilə yanaşı, xəstələrə gündəlik təlabat mallarının alınması və çatdırılması və sair bu kimi qulluq və dəstək xidmətləri göstərilir.

Bütün xəstələrə psixoloqun baxışı keçiriılir, ehtiyac olduqda, müntəzəm müşahidəsi təşkil olunur.