Həyat gözəldir. Gözəlliyi duymaq üçün sağlam olmalıyıq. Sağlamlığımızı qoruya bilirikmi? Bu işdə dostumuz, sirdaşımız məhz həkimlərdir. Ən çətin anlarımızda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin, gündüzün hansı vaxtından asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə dərdlərimizə məlhəm olurlar. Bu gün onların, həyatımızın himayədarlarının, ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk səhiyyə və sosial təminat naziri təyin edilib.
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə yüzlərlə yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin kollektivi həmkarlarını, həyatımızın himayədarlarını Peşə Bayramı Günü münasibəti ilə təbrik edir, onlara ağır və şərəfli işlərində uğurlar diləyirlər.