Bu il də 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Azərbaycanın incisi, qədim tarixi memarlıq abidəmiz olan Qız qalası bütövlüklə qırmızı rəngə boyadıldı. Bu, QİÇS-in simvolu olan lentin rəngidir. Bu, vətəndaşlarımıza QİÇS-lə bağlı xəbərdarlıq üçün təsirli mesajdır.
Tədbir Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşdı. Mərkəzin mütəxəssisləri gündüz saatlarında Şirvanşahlar Sarayının yaxınlığında Səyyar Müayinə Məntəqəsi ilə turistlərə, vətəndaşlarımıza İİV/QİÇS-lə bağlı məlumat verdi, virus və xəstəliklə əlaqədar maarifləndirici vərəqlər, bukletlər, broşurlar payladılar. Könüllülər Müayinə Məntəqəsində İİV-lə bağlı statuslarını öyrəndilər.
Mərkəzin əməkdaşları qırmızı fonda “Stop AİDS!”, “QİÇS-ə birlikdə YOX deyək!” çağırışları ilə ictimaiyyətə mesaj ötürdülər. Bu, İçərişəhərdən çağırış idi: İİV virusundan, QİÇS xəstəliyindən özünüzü qoruyun, sağlam yaşayın! Məqsədimiz sağlam həyat tərzini təbliğ etmək, cəmiyyətin diqqətini bu xəstəliyə yönləndirmək, bu virusla yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaqdır.
Gün batandan sonra isə məşhur qala qırmızı rəngə boyadıldı.
“İçərişəhər”in rəhbərliyinə, zəhməti olanların hamısına təşəkkürümüzü bildiririk!