Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib, müayinələr aparılıb.
“ASAN xidmət”in əməkdaşlarına, “ASAN Könüllülər” Təşkilatının üzvlərinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV)vəQazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS)haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən bəhs edən təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
Tədbirin davamında “ASAN xidmət”in əməkdaşlarına, könüllülərə və vətəndaşlara İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.