Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 28-nə təsadüf edir. Mərasimlərdə adətən qoyun, qoç, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.
Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.
Azərbaycan xalqı artıq üçüncü ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən ərazilərimizdə də qeyd olunur.
Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.
Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur”.
Qurban bayramınız mübarək olsun!