Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi ilə Ağcabədi və Füzuli rayonlarının orta məktəblərində “Sağlam həyatı sevək” adlı maarifləndirici tədbirlər keçirilib.
Ümumilikdə 12 orta məktəbin yuxarı sinif şagirdlərinin və müəllimlərinin iştirak etdiyi aksiyalarda məqsəd sağlam həyat tərzini təbliğ etmək, məktəbliləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət idi.
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisləri İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətiriblər. Onlar gənclər arasında xəstəliyin yayıxma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusun daşıyıcısı olan insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu və nəticədə ölüm riskinin artdığını diqqətə çatdırıblar.
Sonda şagirdlərin mövzu ilə əlaqəli suallarına ətraflı cavab verilib.