İyulun 22-26-da Almaniyanın Münhen şəhərində ÜST-nin Avropa Regional Bürosu və Almaniya Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə AIDS-2024 – Beynəlxalq Konfransı keçiriləcək. Konfransın mövzusu “QİÇS-in, viruslu hepatitlərin və cinsi yolla keçən infeksiyaların epidemiyalarının aradan qaldırılması üzrə öhdəliklərin yerinə yetirilməsi”dir.
Beynəlxalq konfransın dünyanın 170 ölkəsindən müxtəlif sahələr üzrə 15 mindən artıq iştirakçısı var. Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Mərkəzin direktor müavini Günəş Cəfərova təmsil edirlər.
Almaniya kansleri Olaf Scholz açılış nitqində vurğulayıb ki, qloballaşma dövlətlər və cəmiyyətlər üçün bir çox sahələrdə vahid standartların tətbiqini şərtləndirir. Bunu nəzərə alaraq insan həyatına ciddi təhlükə olan infeksiyaların yayılmasının qarçısını almaq üçün birgə mübarizə aparmalıyıq.
Konfransda İİV-lə mübarizə sahəsində region ölkələrinin təcrübələri və nailiyyətləri barədə məruzələr dinlənilir, məqsədyönlü və səmərəli test strategiyalarının müəyyən edilməsi, İİV-ə yoluxma riski yüksək olan əhali arasında testləşmənin gücləndirilməsi kimi məsələlər müzakirə olunur.
Konfransın ilk iş günündə baş tutan “Ministerial Session” paneli üzrə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Azərbaycanda İİV/QİÇS-lə mübarizə sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran hədəflərlə bağlı çıxış edib və ölkəmizdə həyata keçirilən əks-epidemik tədbirlərlə bağlı müsbət təcrübəni bölüşüb.
Tədbirdə İİV infeksiyasının müalicəsi və profilaktikası üzrə aparıcı Elmi-Tədqiqat institutlarının son tədqiqatları təqdim edilib və bu sahədə əldə olunan yeniliklər paylaşılıb. Dünyanın diqqətini İİV-lə yaşayan insanlara cəlb etmək üçün çoxsaylı mesajlar verilib.
Konfransın davamında İİV infeksiyasının aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası üzrə çoxsaylı sessiyalar keçiriləcəkdir.