Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) birgə “ASAN Könüllüləri” üçün İİV infeksiyası ilə bağlı maarifləndirmə tədbiri keçiriblər. Məqsəd “ASAN Könüllüləri” vasitəsi ilə İİV haqqında bilgilərin yeniyetmə və gənclərə ötürülməsi idi.
Tədbirin açılış mərasimində çıxış edən RQMM-in direktoru Famil Məmmədov, İSİM-in direktoru Qəhrəman Haqverdiyev və RQMM-in direktor müavini Səbinə Babazadə dünyada, eləcə də Azərbaycanda bu sahədə mövcud olan epidemioloji vəziyyətdən danışıblar, təklif və tövsiyyələrini diqqətə çatdırıblar.
Virusa yoluxma, qorunma və müalicə üsulları haqqında ətraflı məlumat verən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq şöbəsinin müdiri Günəş Cəfərova bu xəstəliyə və virusa qarşı vaksinin mövcud olmadığını vurğulayıb. Vaxtında qoyulan diaqnozun ölüm hallarının qarşısını ala bildiyi, antiretrovirus müalicəsinin effektli olduğu mütəxəssis tərəfindən dinləyicilərin diqqətinə çatdırılıb. Bildirib ki, özünü klinik büruzə verməyən xəstəliyin gizli mərhələsi illərlə davam edir. Odur ki, hər kəsdən bu infeksiyaya qarşı həssas davranış tələb olunur.
Tədbir interaktiv şəraitdə davam etdirilib, mütəxəssislər onlara ünvavlanan sualları cavablandırıblar.
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb və xatirə şəkilləri çəkilib.