Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Əsas populyasiyalar üçün insanın immunçatışmazlığı virusuna (İİV) görə Yardım göstərməklə Özünü Müayinənin (YÖM) təlimini davam etdirir.
Bu dəfə İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının (QHT) əməkdaşları – kişilərlə cinsi əlaqədə olan kişilərlə (KCK) işləyən autric işçiləri təlimatlandırılıb.
Tədbirdə iştirakçılara İİV/QİÇS-in yayılması, yoluxma yolları və profilaktik proqramların mənimsənilməsinin vacibliyi barədə məlumatlar verilib. Qeyd edilib ki, İİV-ə özünü müayinə (YÖM) 2030-cu ilə qədər QİÇS epidemiyasına son qoymaq üçün UNAİDS kaskadının (95*95*95) ilk məqsədinə nail olmağa kömək edə bilən vasitədir: İİV-ə yoluxmuş insanların 95 faizi öz statuslarını bilir, 95 faizi antiretrovirus terapiyaya başlayır və 95 faizi virusun yükünün sıfıra enməsinə nail olur.
Özünü testləşmə yeni konsepsiya deyil, bu, hamiləlik, diabet və digər sağlamlıq vəziyyətlərinin diaqnozu, müalicəsi üçün istifadə olunur.
Təlimatçılar vurğulayıb ki, YÖM bir sıra üstünlüklərə malikdir. İİV testi xidmətlərinə çıxışı asanlaşdırır, məxfiliyi təmin edir, sınaq imkanlarını genişləndirir və ən əsası rahat sınaq üsuludur. İİV-ə özünü müayinə (İÖM) digər mövcud yanaşmalardan tez-tez və təkrar testlərə ehtiyacı olan yüksək riskli qrupların yoxlanılmasını təmin edir.
İÖM – insanın öz nümunəsini (tüpürcək və ya qan) topladığı və sonra sürətli İİV testini yerinə yetirdiyi, nəticələrini əlverişli yerdə, uyğun zamanda şərh etdiyi əməliyyatdır.