Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) Şəki Regional Laboratoriyasının əməkdaşlarının təşkil etdiyi aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbir iştirakçılarına sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Mərkəzdə virus və xəstəliyə qarşı müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü xüsusi vurğulanıb.
Həmçinin, RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.