Azərbaycan Tibb Universitetində “Dünyada və Azərbaycanda İİV/QİÇS” adlı seminar keçirilib. Universitetin İctimai səhiyyə fakültəsinin tələbələrinin və rezidentlərin iştirak etdiyi tədbirin qonaq-spikerləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Mərkəzin direktor müavini Səbinə Babazadə olublar.
Spiker qismində çıxış edən mütəxəssislərin İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı interaktiv təqdimatları maraqla dinlənilib. Təqdimatlarda dünya və Azərbaycandakı mövcud epidemioloji vəziyyət açıqlanıb, bəzi məqamlarda müqayisələr aparılıb, sağlamlığa ciddi maneə olan virus və xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Eyni zamanda, bu sahədə çalışan həkimlərin, digər tibb işçilərinin, əhalinin təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyinə diqqət çəkilib.
Tədbirdə iştirakçılara İİV-ə nəzarətin tələblərə uyğun tənzimlənməsi, tibbi etika, təhlükəsizlik qaydaları ilə bağlı ətraflı məlumat verilib. Xüsusi vurğulanıb ki, İİV infeksiyası və QİÇS assosiasiyalı xəstəliklərin erkən diaqnostikası, müalicəsi bu sahədə aparılan mübarizədə aktual problemlərdəndir.
Sonda tələbələrin sualları cavablandırılıb.