İnsan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) noyabrın 22-dən Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2021”ə start verib.
RQMM Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Slavyan Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Turizm və Menecer Universitetində, Park Bulvarda, Metroparkda, “28 MALL”, “Gənclik”və “Aygün CİTY” ticarət mərkəzlərində, “Azərsun Holdinq”in istehsalat müəssisələrində, Sumqayıt “ASAN xidmət” mərkəzində, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində, Şəki Tibb Kollecində, Lənkəran Şəhər Peşə Texniki Liseyində maarifləndirmə aksiyaları keçirib, müayinələr aparıb. Universitetlərdə və kollecdə tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallara cavablar verilib, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda, təhsil ocaqlarında münasib yerdə quraşdırılan informasiya guşəsində yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib. Təbirlər yeni növ koronavirus (COVID-19) pandemiyasının tələblərinə uyğun (sosial məsafəni qorumaq və tibbi maskadan istifadə) şəkildə təşkil olunub.
Qeyd edək, ki maarifləndirmə tədbirləri 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günündən sonra da Bakı və Sumqayıt şəhərlərində, bölgələrdə vətəndaşların daha çox olduğu ünvanlarda davam etdiriləcək.