Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-ə qarşı maarifləndirmə və müayinə aksiyası keçirilib.
Təcrübəli həkimlər tərəfindən avtovağzal əməkdaşları və vətəndaşlara sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə məlumat verilib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır. Bu xəstəliyə və virusa qarşı vaksinin olmadığı, vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bildiyi barədə məlumatlar verilib.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Həmçinin Avtovağzal Kompleksinin əməkdaşlarına, sərnişinlərə İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.