Avropa İİV-ə müayinə həftəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İştirak et və İİV statusunu öyrən” adlı maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Ata Babayev mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Respublika QİÇS mərkəzinin həkimi Yeganə Zeynalova İİV infeksiyası, infeksiyanın kəşfi, tədqiqi tarixi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında geniş təqdimatla çıxış edib. O, insan sağlamlığına fövqəladə təhlükə hesab olunan immunçatışmazlığı virusunun Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə geniş məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.