Sentyabrın 30-da Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının (CCM) və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət, icra olunan tədbirlər və mövcud çətinliklərlə bağlı təlim keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) əməkdaşları tərəfindən keçirilən təlimə dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, güc strukturlarında, hüquq-mühafizə orqanlarında çalışan tibb mütəxəssisləri cəlb olunub.
Tədbirdə çıxış edən RQMM-in direktoru Famil Məmmədov sağlamlıq üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınmasının, bu sahədə çalışan həkimlərin, eləcə də əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyinə diqqət çəkib. O, hazırkı dövrdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Direktor bildirib ki, əsas məqsəd xəstəxanalar arasında informasiya mübadiləsi aparmaq, İİV indikatorları sayılan xəstəliklər və onların əlamətlərinə dair müzakirələr təşkil etmək, tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydalarını aşılamaqdır. İİV infeksiyası və eləcə də, QİÇS assosiasiyalı xəstəliklərin erkən diaqnostikası, müalicəsi İİV/QİÇS-lə mübarizədə aktual problemlərdəndir.
Famil Məmmədov, həmçinin respublikada QİÇS-lə bağlı ölüm hallarının azalmasını və İİV-lə yaşayan xəstələrə qarşı ayrıseçkilik faktlarının qarşısının alınması üçün hər cür şərait yaradıldığını vurğulayıb.
RQMM-in direktor müavini Səbinə Babazadə isə Mərkəzin hazırda icra etdiyi işlər, üzərinə düşən vəzifələr haqqında məlumat verib, İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb.
Tədbir iştirakçıları RQMM-in Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyevin “Azərbaycanda İİV infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri”, Qəbul şöbəsinin müdiri Ədilə Rzayevanın “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcud çətinliklər”, Mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyevanın “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri”, Mərkəzin psixoloqu Günel Bəbirovanın “İİV-lə əlaqədar stiqma və ayrıseçkilik” mövzularında təqdimatlarını maraqla dinləyib, müzakirələr aparıblar.
Çıxış edənlər İİV qrupu xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktika ilə bağlı ətraflı məlumat veriblər.