Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə “İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmalar. Təmasdan öncə və sonra profilaktika” mövzusunda təlim keçirib.
Təlim dövlət və özəl tibb müəssisələrində çalışan orta tibb personalı üçün təşkil edilib. Məqsəd İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və QİÇS ilə bağlı ölüm hallarının azaldılmasıdır.
İki gün davam edən təlimdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, RQMM-də İİV-ə görə aparılan müayinələr, İİV indikator xəstəlikləri və müalicəsi, təmasdan sonra profilaktika tədbirləri, Təmasdan Öncə Profilaktika (TÖP), TÖP başlamazdan öncə kliniki və laborator müayinələr, İİV-lə yaşayan insanların müalicə və müayinələrə cəlb olunmasında stiqma və diskriminasiyanın yaratdığı əngəllər barədə ətraflı müzakirələr aparılıb.