Martın 16-17-də Gəncə şəhərindəki Kəlbəcər rayon məcburi köçkün qəsəbəsində Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosunun təşkilatşılığı ilə “İİV/QİÇS, Vərəm ilə mübarizə proqramı” çərçivəsində Dünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin, Elmi-Tədqiqat Ağciyər Xəstəlikəri İnstitutunun direktoru İradə Axundova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və digərləri iştirak ediblər. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq, təşkilatçılara təşəkkürünü bildirib. İradə Axundova vərəmlə mübarizə sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Famil Məmmədov isə İİV-lə bağlı epidemioloji vəziyyəti iştirakçıların diqqətinə çatdırıb. Mərkəz direktoru cənab Prezident İlham Əliyevlə BMT-nin İİV/QİÇS üzrə birgə proqramının icraçı direktorunun görüşü zamanı ölkəmizdə İİV infeksiyasının idarə olunması və bu infeksiya ilə mübarizə istiqamətində əldə olunan uğurların ön planda müzakirə olunduğunu xüsusi vurğulayıb. Tədbirin ikinci hissəsində isə qəsəbədə məskunlaşan məcburi köçkünlər üçün İnsanın İmmunçatışmazlığı Virusu, vərəm, “Hepatit B”, “Hepatit C” infeksiyalarına görə kütləvi müayinə təşkil edilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin uyğun tibbi heyəti “sürətli test”ləri uğurla reallaşdırıb.