Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” və Ümumdünya QİÇS-lə Mübarizə günü ilə əlaqədar “Gənclik Mall” Ticarət Mərkəzində maarifləndirmə tədbiri keçirib.
Məqsəd insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlam həyat tərzi barədə məlumatlandırılmasıdır.
İnsanların daha çox üz tutduğu bu Ticarət Mərkəzində təcrübəli həkimlər maraqlananlara İİV/QİÇS-lə bağlı, xəstəliyin tarixi, yoluxma yolları, profilaktika, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. İnsanlar istədikləri suallara cavab alıb, İİV testindən keçiblər.
Mərkəzə gələnlər Ticarət Mərkəzində münasib yerdə quraşdırılan informasiya guşəsində də həkimlərin təcrübəsindən yararlanıblar. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib. Mütəxəssislər müraciət edənlərin suallarını yeni növ koronavirus (COVID-19) pandemiyasının tələbinə uyğun – sosial məsafə saxlamaqla cavablandırıblar.