Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2024-cü ilin təlim proqramı çərçivəsində “Əsas əhali qrupları nümayəndələrinin “Yardım göstərməklə İİV-ə görə Özünü Müayinə və Könüllü Müayinə və Məsləhətləşmənin təşkili” mövzusunda növbəti təlim təşkil edib.
Təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökümət təşkilatlarının əməkdaşları üçün keçirilir. Məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ölüm hallarının azaldılmasıdır.
İİV-ə özünü müayinə bir sıra üstünlüklərə malikdir. Belə ki, İİV testi xidmətlərinə çıxışı asanlaşdırır, məxfiliyi təmin edir və ən əsası invaziv deyil, ağız suyu ilə aparılan rahat müayinə üsuludur.
Tədbirdə iştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumatlar verilib, yeni tədqiqat üsulunun icrasına dair təqdimatlar nümayiş olunub və müzakirə aparılıb.