Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2024-cü ilin təlim proqramı çərçivəsində “Əsas əhali qrupları nümayəndələrinin “Yardım göstərməklə İİV-ə görə Özünü Müayinə və Könüllü Müayinə və Məsləhətləşmənin təşkili” mövzusunda təlimə başlayıb.
İlk təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökümət təşkilatlarının əməkdaşları – inyeksion narkotik istifadəçiləri ilə işləyən sosial işçilər (autriçlər) üçün keçirilir. Məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ölüm hallarının azaldılmasıdır. İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumatlar verilir.
İİV-ə özünü müayinə 2030-cu ilə qədər QİÇS epidemiyasına son qoymaq üçün hədəflərə (95*95*95) nail olmağa yardımçı vasitədir.
İİV-ə özünü müayinə bir sıra üstünlüklərə malikdir. Belə ki, İİV testi xidmətlərinə çıxışı asanlaşdırır, məxfiliyi təmin edir və ən əsası invaziv deyil, ağız suyu ilə aparılan rahat müayinə üsuludur.