BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Lənkəran rayonunda “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq: ana ölümünün sıfıra endirilməsinə doğru” pilot layihəsinin icrasına start verilib.
Bu məqsədlə Lənkəran Perinatal Mərkəzində rayon mərkəzi xəstəxanasında, Ailə Sağlamlıq Mərkəzində, tibb məntəqələrində fəaliyyət göstərən tibb işçiləri üçün İİV infeksiyasının aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təlimlər keçirilib. Layihənin icrası Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə yanaşı İçtimai Səhiyyə və İslahatlar Mərkəzi və digər dövlət tibb qurumlarının iştirakı ilə 2 il ərzində davam etdiriləcək. Bu müddətdə tibb personalının potensialının artırılması, klinik protokolların, metodiki vasitələrin yenilənməsi və əhali arasında maarifləndirmə işinin aparılması nəzərdə tutulub.