Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və İİV-lə bağlı müayinə aparılıb.
Aksiya iştirakçılarına sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tələbələrin diqqətinə çatdırılıb.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib.
Həmçinin, RQMM-nin əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.