Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda risk qrupları arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxma hallarının qiymətləndirilməsi və virusla mübarizənin təkmilləşdirilməsi üçün yeni layihənin icrasına başlayıb. Bununla əlaqədar “İnteqrasiya olunmuş davranış və bioloji nəzarət üzrə tədqiqat”a start verilib və təlim kursu keşirilib.
Təlimə İİV virusuna həssas qruplara xidmət göstərən autriç və sosial işçilər cəlb olunub. Onlar ölkəmizin 9 regionunda seçmə üsulu ilə aparılacaq tədqiqatlarda iştirak edəcəklər.
Məqsəd İİV-ə yoluxmağa yüksək risk təşkil edən əhali qrup nümayəndələrinin davranışlarının tədqiqi və virusun yayılma səviyyəsinin dəqiq öyrənilməsidir.
Təlimdə iştirakçılara yeni tədqiqat üsulu ilə bağlı ətraflı məlumat verilib, prosesin icra ardıcıllığı slaydlarla əyani izah edilib, hədəfə çatmaq üçün görüləcək digər işlər müzakirə olunub.