Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə səhiyyə müəssisəsinin həkim və tibb heyəti, Fövqəladə Hallar Nazirliyinin DYNX II Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı iştirak edib. Məqsəd müəssisədə baş verə biləcək yanğın və digər hadisələrinin qarşısının alınması üçün profilaktik işlərin görülməsi, səhiyyə işçilərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
Toplantıda tibb işçilərinə fövqəladə hallarda davranış qaydaları izah edilib, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları, insanların təxliyyə edilməsi haqqında geniş məlumat verilib. Bildirilib ki, hər hansı qəza nəticəsində insanların fiziki sağlamlıqlarının bərpasında, mülki müdafiənin təmin olunmasında tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Həkim himayəsində olan xəstələrin olduğu bir müəssisədə fövqəladə hallar zamanı davranış qaydalarının təkmilləşdirilməsi vacibdir.
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşının Mərkəzin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatıb.