Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə Mediland Hospitalda İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs edən tədbir keçirilib.
Tədbirin açılışında Özəl Tibb Müəssisələri Assosiasiyasının sədri Günel Əliyeva İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların əhəmiyyətinə diqqət çəkib.
RQMM-in direktor müavini Səbinə Babazadə xüsusi təqdimatla çıxış edib. S.Babazadə dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb. Mərkəzin Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva isə öz təqdimatında İİV-ə görə aparılan müayinələrdən və mövcud çətinliklərdən bəhs edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğunu vurğulayan həkimlər bildiriblər ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
Sonda mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.