Martın 14-də Bakıda yerləşən Şuşa qəsəbəsindəki Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə “QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Qarabağ Regional Təhsil İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə məqsəd təhsil müəssisəsində İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması idi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Emilya Şahbazova çıxışında şagirdləri İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı məlumatlandırıb, məktəblilərin təhsilə, elmə olan marağını artırmaq üçün tövsiyyələr səsləndirib. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan həkim şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb.
Tədbirdə bəşəriyyətin bəlası olan narkomaniyanın cəmiyyətin dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğu bildirilib.
Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.