Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçiriblər.
“Bərabərsizliyə son. QİÇS-ə son. Pandemiyaya son!” şüarı altında keçirilən tədbirdə səhiyyə nazirinin müavini Rahim Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahinqızı, Kamilə Əliyeva, Soltan Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva və BMT-nın rezident əlaqələndiricisi Vladanka Andreyeva və digərləri iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Rahim Əliyev ölkəmizdə QİÇS-ə yoluxmuş xəstələrin müayinə və müalicəsindən, onlara edilən yardımlardan, xəstələrin zəruri preparatlarla təminatından, bu sahədə icra olunan tədbirlərdən danışıb. Qeyd olunub ki, hazırda dünyada 37,2 milyon nəfər İİV-lə yaşayan xəstə var. Onların 1,7 milyonu 14 yaşına qədər olan uşaqlardır. Həmin xəstələrin 27,5 milyonu antiretovirus müalicəsi ilə əhatə olunub. Lakin İİV-lə yaşayan xəstələrin 27 faizi həmin müalicə ilə təmin olunmayıb. Virusun anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə İİV-ə yoluxan hamilələrin 85 faizi antiretrovirus müalicəsinə cəlb edilib. 1997-ci illə müqayisədə İİV-ə yeni yoluxma halları iki dəfə azalıb və ötən il onların sayı 1,5 milyon nəfər olub. 2004-cü illə müqayisədə həmin xəstəlikdən həyatını itirənlərin sayı 10 faiz azalıb və ötən il onların sayı 640 min təşkil edib. İİV/QİÇS xəstəliyinin tibbə məlum olduğu 40 ilə yaxın dövrdə onun aradan qaldırılmasına səbəb olan vaksin tapılmayıb. Qlobal Fond son üç ildə xəstəliyə qarşı mübarizə aparılması üçün 17,3 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Azərbaycan hökuməti də xəstəliklə mübarizə üçün qarşıdakı illərdə vəsait ayırmağı nəzərdə tutur.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov ölkəmizdə İİV/QİÇS-lə bağlı cari vəziyyət və görüləcək işlər barədə geniş təqdimatla çıxış edib. Bildirib ki, son illər pandemiyanın yaratdığı şərait QİÇS xəstələrinin müalicəsinə də mənfi təsir edib. Buna baxmayaraq, həmin xəstələrə göstərilən tibbi xidmətlərin səviyyəsi yüksəlib, onların dərman preparatları ilə təminatı işi yaxşılaşıb. Mərkəzin direktoru vurğulayıb ki, bu il dekabrın 1-dək 9 min 338 İİV-li xəstə müalicə-profilaktika müəssisələrində qeydiyyatdan keçib. Ölkəmizin Şirvan, Lənkəran və Astara bölgələrində daha çox xəstə həmin virusun daşıyıcısıdır. İndiyədək yoluxanların 1673 nəfəri Rusiyada bu xəstəliyə mübtəla olub. Ötən il xəstələrin 92 faizinin ambulator müşahidəsi həyata keçirilib. 2021-ci ildə 51, bu ilin 11 ayında isə 50 nəfər xəstə həyatını itirib. Vəfat edənlərin 85,8 faizi kişilər, 14, 2 faizi isə qadınlardır. Bu ilin 11 ayı ərzində Azərbaycanda 654 nəfər İİV-ə yeni yoluxmuş xəstə qeydiyyata alınıb. Onlardan 635 -i Azərbaycan vətəndaşı, 19 nəfəri isə əcnəbidir. Qeydiyyata alınan ölkə sakinlərindən 432-si kişi, 203-ü isə qadındır.
Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmançı, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı və Kamilə Əliyeva, Ədliyyə Nazirliyinin ÜST-lə Əməkdaşlıq Mərkəzinin rəhbəri İradə Məmmədova, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, “AIDS-lə Mübarizə” İctimai Birliyinin sədri Nofəl Şərifov ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıblar. Onlar mərkəz və laboratoriyaların işinin daha da təkmilləşdirilməsi, gənclər və yeniyetmələr arasında virusun ziyanlı təsirinə yönələn reklam təbliğatının gücləndirilməsi ilə əlaqədar öz fikirlərini səsləndiriblər.
Konfrans daha sonra öz işini müzakirələrlə davam etdirib.