Bakı, 25 may, AZƏRTAC
İİV infeksiyası İnsanın İmmunçatışmazlığı virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) isə İİV infeksiyasının sonuncu kliniki mərhələsidir – digər ağırlaşmaların, məsələn vərəm, onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayiət olunan haldır.
Xəstəliyin 3 əsas yoluxma yolu var. Birincisi cinsi yol, ikincisi parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində (əsasən narkotik istifadəçiləri arasında yayılır), İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimatdan və məhlullardan istifadə etməklə, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində, son olaraq üçüncü yol perinatal yoluxma, yəni, İİV-ə yoluxan anadan uşağa hamiləlik dövründə cift vasitəsilə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində keçə bilər.
AZƏRTAC ölkədə İİV infeksiyası ilə bağlı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən reportaj hazırlayıb.
Mərkəzin əsas fəaliyyətinə İİV infeksiyasının yekun diaqnozunun qoyulması, diaqnozu müəyyən edilən İİV-ə yoluxmuş şəxslərə adekvat müalicə sxeminin müəyyən edilməsi daxildir. Bu zaman pasiyentin yaşı, yanaşı xəstəlikləri, müalicəyə sadiqliyi və digər vacib məqamlar mərkəzin həkimləri tərəfindən nəzərə alınır. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır və yalnız Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir. Müalicənin əsas məqsədləri orqanizmdə İİV virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının aşağı salınması və İİV-in ötürülməsinin azaldılması ilə epidemiyanın qarşısının alınmasından ibarətdir. Müalicə bütün xəstələrə əlçatandır, dərman preparatları dövlət tərəfindən fasiləsiz olmaqla, ödənişsiz şəkildə təmin olunur. Ən vacib nüans isə müalicənin ömürlük olmasıdır.
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov hazırda ölkədə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət haqqında məlumat verib: “Ölkəmizdə İİV infeksiyası ilə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir. Qeyd etmək istərdim ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam edir. Azərbaycanda isə bu infeksiya, əsasən, yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verir. Aparılan məqsədyönlü əksepidemik tədbirlər nəticəsində regiondakı digər ölkələrlə müqayisədə Azərbaycanda bu virusun yayılmasını dəfələrlə aşağı səviyyədə saxlamağa nail olmuşuq. Azərbaycanda İİV infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2022-ci ilin sonunadək İİV-lə yaşayan vətəndaşların sayı 8 min 563 nəfər olub. Onlardan 69,5 faizi kişi, 30,5 faizi qadındır. Ötən ay ölkəmizdə keçirilən X Qlobal Forum çərçivəsində səfərdə olan BMT-nin İİV/QİÇS Proqramı üzrə icraçı direktoru da öz görüşlərində Azərbaycanda İİV/QİÇS-lə mübarizə sahəsində uğurlu addımların atıldığını və xüsusi nailiyyətlər əldə olunduğunu vurğulayıb”.
F.Məmmədov xəstəliyin kliniki simptomlarından danışıb: “Öncə onu qeyd etmək istərdim ki, İİV spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ var. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə edilə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar – dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Bəzən, xəstəlik illərlə gizli gedişata malikdir və heç bir əlamət vermədən təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır. Ümumiyyətlə, İİV infeksiyasının yekun diaqnozu Respublika QİÇS-lə Mübarizə Mərkəzində təsdiqlənir. Bütün müəssisələrdə aşkar olunmuş pozitiv hallar İİV-ə görə “şübhəli” hesab olunur, qan nümunəsi və şəxsin özü mərkəzə yönləndirilir. Burada şəxsin özündən qan nümunəsi götürülür və bir-birini təsdiq edən immunoferment, immunoblot, virusoloji müayinələrə cəlb edilir, qanda CD4 limfositlərinin miqdarı müəyyən olunur. Toplanmış müayinə nəticələri konsilium şəklində müzakirə edilir və şəxs qeydiyyata götürülür. Mərkəzin laboratoriyası ən son müasir texnoloji avadanlıqlarla təmin edilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq laborator xidmət həyata keçirilir”.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə mərkəzdə diaqnozu müəyyən edilən İİV-ə yoluxmuş şəxslərə konsilium komissiyası tərəfindən adekvat müalicə sxemi müəyyən edildiyini deyib: “Müalicə zamanı pasiyentin yaşı, yanaşı xəstəlikləri, müalicəyə sadiqliyi və digər vacib məqamlar həkimlərimiz tərəfindən nəzərə alınır. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir. Pasiyentlər müalicə sxemindən, müalicəyə nə qədər sadiqlik göstərməyindən, yanaşı xəstəliklərdən asılı olaraq, 1- 2- 3 aylıq olmaqla mərkəzin aptekindən və ya regional laboratoriyalarımızdan dərman preparatlarını əldə edirlər. Həkimlərin tövsiyəsinə uyğun müalicə qəbul edən şəxslərdə həyat keyfiyyəti saxlanılır, ağırlaşmalara çox az rast gəlinir. Bundan başqa, pasiyentlərə stomatoloji, USM və digər xidmətlər də göstərilir. Mərkəzdə müayinələr, monitorinqlər həkim və psixoloq konsultasiyası və müalicə tam ödənişsiz qaydada anonimlik qorunmaqla həyata keçirilir”.
Nikaha daxil olan hər bir şəxsin zəruri tibbi müayinələrə, o cümlədən İİV infeksiyasına görə müayinəyə cəlb olunduğunu bildirən S.Babazadə bir çox hallarda cütlüklərin İİV infeksiyası aşkarlananda nikaha daxil olmadığını qeyd edib: “İİV infeksiyasına yoluxmuş hamilə qadın həkimlərin tövsiyəsinə uyğun olaraq müalicə qəbul etdikdə onlardan sağlam uşaqlar dünyaya gəlir. Artıq bir neçə ildir ki, ölkəmizdə İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası uğurla həyata keçirilir. ÜST tərəfindən ölkəmiz İİV infeksiyasının anadan uşağa ötürülməsinin qarşısının alınmasına nail olan ölkə kimi qiymətləndirilib və sertifikat əldə olunması istiqamətində işlərə başlanılması vurğulanıb”.
Mərkəzin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Günəş Cəfərova İİV infeksiyası ilə mübarizədə profilaktik proqramların çoxşaxəli olduğunu deyib: “Risk qrupları arasında profilaktik proqramlar həyata keçirilir. 12 mobil məntəqəmiz risk qruplarında, qeyri-hökumət təşkilatlarını da buraya cəlb etməklə əksepidemik işlər aparılır. Mobil məntəqələrimiz bu qrupların sıx toplaşdığı yerlərdə müayinələr həyata keçirir, maarifləndirici işlər aparır. İİV infeksiyasının daha çox risk qrupları arasında yayılmasına baxmayaraq, biz risk qrupları ilə yanaşı, ümumi əhali arasında da əks epidemik tədbirlər həyata keçiririk. Bu mənada, əhalinin sıx toplaşdığı məkanlarda, böyük ticarət mərkəzlərində, eyni zamanda, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında keçirdiyimiz silsilə tədbirləri, kütləvi müayinə aksiyalarını misal göstərə bilərəm. Bundan əlavə, Bakı Metropoliteni ilə əməkdaşlıq edərək 18 stansiyada gün ərzində yüz minlərlə əhalinin maariflənməsinə xidmət edən maarifləndirici videoçarxların, Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq şəraitində BNA-nın Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, dayanacaqlarında, Azərbaycan Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq edərək, şəhərin mərkəzi küçələrindəki monitorlarda maarifləndirici poster və videoçarxların nümayişini təmin edir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Bakcell” və “Nar Mobile” operatorları vasitəsilə istifadəçilərə “STOP AİDS! Riskli davranışlardan uzaq ol! İİV-ə müayinələr ödənişsiz və anonimdir” tərtibatlı mesajlar göndərilir. Daha çox əhalinin maarifləndirilməsi məqsədilə sosial şəbəkələr üzərində də aktiv şəkildə fəaliyyət göstəririk. Tərəfimizdən hazırlanan və hər gün yenilənən maarifləndirici materiallar, videoçarxlar sosial şəbəkələr üzərindən daha çox izləyici kütləsinə çatdırılır. Qeyd etmək istəyirəm ki, bu təbliğat kampaniyası davamlı olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları mütəmadi olaraq tibb müəssisələrində, həkimlər və orta tibb işçiləri üçün də İİV infeksiyası ilə bağlı təlimlər həyata keçirir, o cümlədən klinik protokollar və metodiki tövsiyələr hazırlayır. Hazırda mərkəzdə Rusiya Epidemiologiya İnstitutu ilə birlikdə 3 istiqamət üzrə tədqiqat işləri həyata keçirilir”.
Famil Məmmədov sonda İİV infeksiyasından qorunmaq, xəstəliyə yoluxmamaq üçün tövsiyələr verib: “Biz hər zaman vurğulayırıq ki, profilaktika müalicədən daha yaxşıdır. Əgər profilaktik tədbirləri bilib onlara düzgün riayət etsək, İİV-ə yoluxmanın da qarşısını almış olarıq. Bu tədbirlərə əvvəlcə İİV/QİÇS mövzusunda maariflənmək, xəstəliyin yoluxma yollarını bilmək, zərərli vərdişlərdən, narkotiklərin istifadəsindən uzaq olmaq aiddir. Xüsusilə İİV virusuna yoluxmanın qarşısını almaq üçün, Respublika QİÇS-lə Mübarizə Mərkəzində pre və postkontakt profilaktika həyata keçirilir. Əgər İİV-ə yoluxmuş bir şəxslə və yaxud onun qanı ilə çirklənmiş alətlərlə təmasa şübhə olarsa, mütləq şəkildə 72 saat ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək lazımdır”.