Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə Park Bulvarda maarifləndirmə aksiyası keçirilib, müayinələr aparılıb. Sosial xarakter daşıyan müayinənin təşkilində əsas hədəf əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
Ticarət mərkəzində yaradılmış guşə ilə maraqlananların hər birinə sağlamlığa ciddi təhlükə olan insanın immunçatışmazlığı virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb, tövsiyyələrini diqqətə çatdırıblar. Vətəndaşların ünvanladığı fərdi suallar cavablandırılıb, onlara ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda, maraqlananlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
Qeyd edək ki, Azərbaycanda İİV-ə görə aparılan müayinələr ən son üsullarla həyata keçirilir.