Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar”AVM-də maarifləndirmə aksiyası keçirilib. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib.
Ticarət mərkəzində yaradılmış güşədə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında insanlara məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar. Vətəndaşlara ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.