Profilaktika müalicədən daha yaxşıdır! Bu çağırış Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyətində prioritet sahə təşkil edir. Çünki, İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) daşıyıcısı olan insanın ömürlük müalicəsindənsə, onun bu infeksiyaya yoluxmaması həm şəxsin özünə, həm də cəmiyyətimizə faydalıdır. Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin dayanacaqlarında yayımına başladığımız maarifləndirici elanlarımız yuxarıda dediklərimizə əyani sübutdur.
İİV nədir? QİÇS nədir? Bu virus və xəstəliyə kimlər, hansı yollarla yoluxurlar? Şübhələrə son qoyub, statusunu necə dəqiqləşdirməlisən? İnsanların bu tip sualların hamısına cavab tapa bilməsi üçün bir çox dayanacaqlardakı elanlarda məlumatlar yerləşdirilmişdir.
Haqqında danışdığımız elanlar paytaxtımızın giriş-çıxış qapılarındakı küçələrdə, şəhərimizin mərkəzi prospektində – “Formula 1” Azərbaycan Qran-Prisinin hərəkət tpoyektoriyasında, Bakıətrafı qəsəbələrə gedən yolda, gündə minlərlə adamın üz tutduğu məşhur Muğan bağının önündə olan dayanacaqlarda yayımlanır.