Qəbul şöbəsi aşağıdakı fəaliyyət sahələrini həyata keçirir:
- Özəl və Səhiyyə Nazirliyi sistemindən kənar müəssisələr istisna olunmaqla, digər müəssisələrdə ilkin İİV müsbət nəticə vermiş qan nümunələrinin referans müayinə üçün qəbul edilməsi.
- Səhiyyə Nazirliyinin 11.03.2011-ci il tarixli əmri ilə Bakı şəhərinin 5 rayonundan (Qaradağ, Binəqədi, Yasamal, Səbail, Nəsimi) tədarük edilmiş qan nümunələrinin ilkin skrininqi üçün qəbul edilməsi.
- Müayinə arayışı və beynəlxalq tipli sertifikat almaq məqsədilə müraciət edən vətəndaşların qəbul edilməsi, qan nümunələrinin müayinə üçün götürülməsi.
- İİV-ə yoluxanların işləməsinə yol verilməyən peşələrdə çalışan əməkdaşların axtaşırı və müayinədən keçirilməsi.
- Anonim tərzdə İİV statusunu öyrənmək məqsədilə müayinə üçün müraciət edən vətəndaşların qəbul edilməsi (anonim müayinə kabineti).
Bütün hallarda qəbul edilən qan nümunələri müayinəyə yararlılıq baxımından zahirən (görünüşü, zərdabdan ayrılması, hemoliz vəziyyəti, qablaşdırmanın tamlığı, kodlaşdırması) yoxlanılır və nəql tələblərinə cavab vermədikdə aktlaşdırılaraq utilizasiya olunur. Aktların bir nüsxəsi tədarükçünün növbəti gəlişi zamanı ona təqdim edilir.
Qəbul şöbəsində üç mənbədən (müəssisələr, əyani müraciətlər, anonim müayinə kabineti) toplanmış qan nümunələri qəbul olunduqları qeydiyyat otaqlarında kompyuter bazasına daxil olunur, kodlaşdırılır və müşayiət sənədləri ilə birgə hər 30 dəqiqədən bir müayinə üçün laboratoriyaya təqdim olunur.
Müayinə cavabları laboratoriyadan qəbul şöbəsinə çatdırıldıqda:
- Müəssisədən daxil olan müsbət nəticəli nümunələrin cavabı müəssisə rəhbərinin imzası və möhürlə təsdiqlənmiş halda tədarükçü müəssisə rəhbərinə göndərilir. Mənfi nəticələr göndərişin ikinci hissəsində qeyd edilir, rəhbərlik tərəfindən imzalanır, möhürlə təsdiqlənir və tədarükçüyə qaytarılır.
- Əyani surətdə sənəd əldə etmək məqsədilə alınmış qan nümunələrinin cavabları İİV müsbət olduqda həmin şəxslərə şifahi məlumat verilir və epidemioloji araşdırmanın aparılması məqsədilə şəxsə, epidnəzarət və profilaktika şöbəsinə müraciət etmək tövsiyə olunur. Tövsiyəni qəbul, yaxud ondan imtina etmək şəxs üçün könüllüdür. Mənfi nəticələr üzrə müayinə cavabları hər müraciət edənə aldığı qəbzin əsasında təqdim olunur.
• Anonim müayinə kabinetinə müraciət edənin skrininq nəticəsi məsləhətləşmə aparılarkən bildirilir və müsbət olduqda, araşdırma məqsədilə epidemioloji nəzarət şöbəsinə müraciət etməsi təklif olunur.