Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Quba rayonundakı orta məktəblərdə “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri davam etdirilib.
Rayon mərkəzində və kəndlərdə 10 orta məktəbin yuxarı sinif şagirdlərinin iştirak etdiyi aksiyalarda sağlam həyat tərzi təbliğ olunub, QİÇS, eləcə digər zərərli vərdişlərin fəsadları barədə məlumat verilib.
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisləri şagirdlərin anlayacağı tərzdə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) danışıblar. Onlar xüsusi təqdimatlarında gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını slaydlarla nümayiş etdirib, bu virusun daşıyıcısı olan insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.
Sonda şagirdlərin mövzu ilə əlaqəli suallarına cavab verilib, onlara virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanıb.