Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə Respublika Diaqnostika Mərkəzində “İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmalar. Təmasdan öncə və sonra profilaktika” mövzusunda tədbir keçirilib.
Maarifləndirici tədbir Diaqnostika Mərkəzində çalışan həkim və orta tibb personalı üçün təşkil edilib. Məqsəd İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və QİÇS ilə bağlı ölüm hallarının minimuma endirilməsidir.
Tədbirdə təqdimatlarla çıxış edən RQMM-in mütəxəssisləri Dilşad Mahmudova və Səbinə İbrahimova Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, RQMM-də İİV-ə görə aparılan müayinələr, İİV indikator xəstəlikləri və müalicəsi, təmasdan sonra profilaktika tədbirləri, Təmasdan Öncə Profilaktika (TÖP), TÖP başlamazdan öncə kliniki və laborator müayinələrlə bağlı ətraflı məlumat veriblər. Eləcə də, İİV-lə yaşayan insanların müalicə və müayinələrə cəlb olunmasında stiqma və diskriminasiyanın yaratdığı əngəllərlə bağlı müzakirə aparıblar.
Sonda mövzu ilə əlaqəli fərdi suallar cavablandırılıb.