Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) oktyabrın 20-dən noyabrın 20-dək Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində orta məktəblərdə maarifləndirmə aksiyaları keçirib. Aksiyalar Mərkəzin regional laboratoriyasının dəstəyi ilə ölkə ərazisindəki orta və texniki peşə məktəblərində, məktəb-liseylərdə, kolleclərdə, gimnaziyalarda təşkil olunub.
“Sağlam gənclik – sağlam gələcək” adlı Bakıda, Ağdaşda, Salyanda, Xızıda keçirilən tədbirlərdə 2000-dək X-XI sinif şagirdi sağlam həyat tərzi barədə məlumatlandırılıb.
Tədbirlərdə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı mühazirələr oxunub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Onlara virus və xəstəliyə aid məlumatları özündə əks etdirən çap materialları (vərəqlər, broşurlar, bukletlər, kitabçalar) paylanıb.
Qeyd edək ki, bununla yanaşı RQMM Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2023”-ə də start verib. Bu məqsədlə Bakıda və bölgələrdəki təhsil ocaqlarında, xəstəxanalarda, sağlamlıq mərkəzlərində, ticarət obyektlərində, istehsal müəssisələrində maarifləndirmə və müayinə tədbirləri davam etdirilir.