Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi ilə Tərtər, Bərdə və Şuşa məktəblərində “Sağlam həyat – etibarlı gələcək” adlı maarifləndirici aksiyalar keçirilib. Ümumilikdə 20 orta məktəb müəllimlərinin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirlərdə məqsəd sağlam həyat tərzini təbliğ etmək, İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat vermək, məktəblilərin təhsilə, elmə olan marağını artırmaqdan ibarət idi.
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisləri İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətiriblər. Onlar gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu və nəticədə ölüm riskinin artdığını diqqətə çatdırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.