19.05.2022 [11:01]
Bakı, 19 may, Aytac Haqverdiyeva, AZƏRTAC
Dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79,3, İİV-lə yaşayanların sayı 37,7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı 36,3 milyondur. İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də Şərqi Avropa və Mərkəzi Asiya regionunda yayılması davam etməkdədir. Azərbaycanda həmin infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.
Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir.
AZƏRTAC xəbər verir ki, bunu Respublika QIÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov “İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrı-seçkilik, stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə” tədbirində deyib.
Mərkəzin direktoru bildirib ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Lakin son illər region ölkələrində olduğu kimi Azərbaycanda da heteroseksual yoluxma yolu üstünlük təşkil edir.