İyunun 1-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional meneceri Dumitru Latiçevski və Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə portfolio meneceri Olqa Avdeeva ilə görüş keçirilib.
Görüşdə Səhiyyə Nazirliyi HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə proqram mütəxəssisi Svitlana Nidzvetska, eləcə də RQMM-in direktoru Famil Məmmədov və Mərkəzin digər rəhbər işçiləri iştirak ediblər.
Qonaqları salamlayan Mərkəzin direktoru F.Məmmədov Qlobal Fondla əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb, əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Öz növbəsində Dumitru Latiçevski Qlobal Fond ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın olduğunu, layihələrdə Mərkəzin aktiv iştirakını diqqətə şatdırıb. D.Latiçevski Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP) adlı pilot layihənin icrasına başladığını təqdir edib, bu yeni metoddan bəhrələnməyin vacibliyini qeyd edib.
Sonra qonaqlar Qlobal Fondun layihələrinin Mərkəz tərəfindən icra vəziyyəti ilə bağlı təqdimatı izləyiblər. Görülmüş işlərdən razılıq hissləri ifadə olunub. Dünyada İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV kaskadının (90-90-90) ölkəmiz üzrə olan göstəriciləri (74-87,8-86) onları heyrətləndirib. Qeyd edək ki, bu formul İİV epidemiyasına qarşı cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Fond əməkdaşları Azərbaycanın əldə etdiyi nəticələri digər ölkələrə nümunə göstərəcəklərini bildiriblər.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları da müzakirə olunub.